Bakı metrosunda şəhid olan qəhrəmanların xatirəsi YAD EDİLDİ - FOTO - VİDEO
    • 31-10-2019, 12:33
    • 845

Bakı metrosunda şəhid olan qəhrəmanların xatirəsi YAD EDİLDİ - FOTO - VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və liseyin birgə təşkilatçılığı ilə 1995-ci ildə Bakı metrosunda baş vermiş faciədə liseyin şəhid olmuş zabiti, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Babayevin, eləcə də “İgidliyə görə” medalı ilə təltif edilmiş kursantlar Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasim də 1995-ci il oktyabrın 28-də “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedən 21 nömrəli qatarın 4-cü vaqonundakı partlayış və yanğında yaralananlara kömək edən şəhidlərin keçdiyi xidmət yolu və qəhrəmanlıqları haqqında danışılıb.

Sonda Həzi  Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin üzvləri tərəfindən qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnılar ifa olunub.