“Bunu deyənlər qələt edir, başların da daşa döyürlər” Hafiz Hacıyevi
    • 5-11-2019, 02:00
    • 835

“Bunu deyənlər qələt edir, başların da daşa döyürlər” Hafiz Hacıyevi "cin atına mindirdilər"

Sosial şəbəkələrdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə hansısa dairələrin verdiyi böyük məbləğdə aylıq pul vəsaitinin kəsildiyi barədə informasiyalar yayılıb. İddia olunur ki, pulu kəsilən Hafiz Hacıyev bu səbəbdən son vaxtlar aqressiv açıqlamalar verir, məmurları yıxıb-sürüyür.


News24.az xəbər verir ki, bu informasiyanın nə dərəcədə doğru olduğunu öyrənmək üçün Modern.az-ın əməkdaşı Hafiz Hacıyevin özü ilə əlaqə saxlayıb.


Müasir Müsavat partiyasının sədri yayılan xəbərin yalan olduğunu bildirib. Hətta bu cür informasiya yayanlar barəsində qeyri-etik ifadələr də işlədib:


“Mənə indiyə kimi heç kim bir qəpik belə, havayı pul verməyib. Nə də mən  heç kimə pul verən deyiləm. Şişirtməyə bax: böyük məbləğdə pul veriblər. Bu xəbəri mənim haqqımda deyən şəxslərə ar olsun. Niyə axı mən adımla bağlı hər gün bir söz eşitməliyəm? Bu camaatın görəsən işi-gücü yoxdurmu ki, ancaq məndən danışırlar? Bunu deyənlər qələt edir, başların da daşa döyürlər.
Düşünürəm ki, nə qədər ki, Əli Kərimov kimi şəxslər sağdılar, biz belə hekayələri çox eşidəcəyik. O pulu Kərimov kimilərinə verirlər, biz elə bəxtəvər deyilik ki, bizə hər ay müəyyən qədər pul versinlər. O havayı pul alanlar bəllidir, 27 ildir ki, Azərbaycanın başına oyun açırlar. Mən onlar kimi dövlət əleyhinə işlər görmürəm, öz işimlə məşğulam. Hər kəs də Hafiz Hacıyevin necə bir insan olduğunu yaxşı bilir”.


Partiya sədri maddi vəziyyətinin elə də yaxşı olmamasından da söz açıb:


“Maddi vəziyyət deyəndə siz necə dolanırsınızsa, mən də eləcə dolanıram. Maddi vəziyyətimin pis olduğunu da deyə bilmərəm. Deyə bilərəm ki, normaldır, ancaq bu, yaxşı olmaq anlamına gəlməz. Elə də böyük iş görmürük ki, əvəzində də yüksək məbləğdə pul qazanaq. Partiyadır də, necə dolanmalıdır ki? Qəzetimiz yox, bir şeyimiz yox. Üzvlərimizin yığdığı inanə hesabına - hərəsi ayda 1-2 manat verir - partiyanı saxlaya bilirik. Müasir Müsavat qərargahı olmayan bir partiyadır”.


Hafiz Hacıyev növbəti prezident seçkilərində iştirak edəcəyini bir daha vurğulayıb:


“Mən dəfələrlə çıxışlarımda  bildirmişəm ki, ölkənin növbəti seçkilərində prezident seçiləcəm. Budəfəki seçkilərdə qalib gəlmə şansım daha böyükdür. Düşünürəm ki, bu dəfə mən seçiləcəm. Bu istiqamətdə də partiya öz təbliğat və təşviqat işinlərini aparır. Zamanı gələndə də öz sözümü deyəcəm. Niyə də prezident olmayım”.