“Sülh çeşməsi” əməliyyatı terrorçulara qarşı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib
    • 5-11-2019, 14:17
    • 658

“Sülh çeşməsi” əməliyyatı terrorçulara qarşı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib

Türkiyənin Müdafiə Nazirliyi, "Sülh çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgədə vətəndaşlara etdiyi yardımlarla bağlı görüntüləri yayıb.

News24.az xəbər verir ki, görüntülərdə Türk Qızılayı təşkilatı tərəfindən edilən yardımları alan vətəndaşlar onları terrordan xilas etdiyi üçün Türkiyəyə və türk əsgərinə minnətdarlığını dilə gətirib.

Nazirlikdən verilən açıqlamada həmçinin qeyd edilib ki, “Sülh çeşməsi” əməliyyatı bölgədə sülh və sabitliyin təmin edilməsi məqsədi ilə sadəcə DAEŞ və PKK/YPG terrorçularına qarşı əxlaqi dəyərlər və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib.

PKK/YPG terrorçularının şüurlu şəkildə mülki geyim geyinərək və dinc əhalinin həyatını heçə sayaraq xaincəsinə bir çox xəstəxana və ibadət yerini silah ambarı və sığınacaq olaraq istifadə etdiyi xatırladılan açıqlamada, əməliyyat zamanı günahsız insanlara, dinc əhaliyə və ətrafa zərər verilməməsi üçün böyük səy göstərildiyi vurğulanıb: “Sülh çeşməsi əməliyyatı ilə PKK/YPG terror təşkilatının Tel Abyad və Rəsulayndakı təzyiq və zülmünə son verilib. Türkiyəyə sığınan Suriyalı qardaşlarımızın könüllü olaraq və təhlükəsiz bir şəkildə evlərinə və torpaqlarına dönmələrinin önü açılıb. Mina və kustar üsulla hazırlanan partlayıcı qurğulardan təmizlənən və su, elektrik kimi əsas infrastruktur işləri davam edən Tel Abyad və Rəsulayna bölgə xalqının geri dönüşü başlayıb. Türk Silahlı Qüvvələri həyatın normallaşmağa başladığı yaşayış məntəqələrinə təhlükəsiz qayıdışı təmin etmək üçün lazımi tədbirlər görür. Bu humanitar və müsbət proseslərdən narahat olan əli qanlı PKK/YPG terror təşkilatının əxlaqsızlığa, yalana və iftiraya söykənən xəbərləri və həqiqəti əks etdirməyən fəaliyyətləri yaxından izlənilir”.