Dəm qazından niyə ölürlər? - ARAŞDIRMA
    • 13-11-2019, 12:15
    • 2 221

Dəm qazından niyə ölürlər? - ARAŞDIRMA

Payızın son ayını yaşayırıq. İrəlidə bizi soyuq qış günləri gözləyir. Soyuq qış dedikdə də, insanların ilk olaraq ağlına istilik sistemləri, qaz təminatı və qaz sızmasının fəsadları gəlir. 
Artıq mövsümün ilk bəd xəbərləri eşidilib. Xəzər rayonu, Binə qəsəbəsində 24 yaşlı Aytel Babayeva yaşadığı evin hamamında qaz sızmasından ölüb.
Eyni zamanda dəm qazından boğulan Suraxanı rayonunda 1990-ci il təvəllüdlü Salatov Abusəid Xeyirbala oğlu, Yasamal rayonunda 1951-ci il təvəllüdlü Sevda Kərimovanın, İmişlidə 15 yaşlı Həsənov Bilal Ramazan oğlu, Suraxanı rayonu Əmircan qəsəbəsində 1962-ci il təvəllüdlü Tağıyev Etibar Abdulla oğlunun meyitləri aşkarlanıb.
Yeni Gəncə yaşayış massivində 2 nəfər 188-ci il təvəllüdlü Sərxan Cəfərov və 1990-cı il təvəllüdlü Jalə Abdullayeva, Gəncədə isə  14 yaşlı Qurbanova Lalə Şıxəli qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Bu məlumat və il ərzində dəm qazından zəhərlənənlərin statistikası həyəcan təbili çalmağa əsas verir, deyə bilərik…

Azərbaycanda 146 nədər dəm qazından zəhərlənib

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov da News24.az-a açıqlamasında bildirib ki, ilin əvvəlindən bu günədək 146 nəfər dəm qazından zəhərlənmə ilə bağlı onlara müraciət edib.
Ekspert Nüsrət Qasımov da bu cür xəbərlərin narahatlıq doğurduğunu bildirir. Amma ekspert belə hadisələrin səbəbkarının qaz yox, cihazların yanlış quraşdırılması olduğunu deyir: “Azərbaycanda qazla bağlı yanlış fikirlər formalaşıb. Qaz özü zərərli ola bilməz, problemi, faciəni yaradan cihazlar və ona məsuliyyətsiz yanaşmadır. Rus ədəbiyyatlarında qeyd olunur ki, dünyada ən təmiz qaz Azərbaycanda çıxır, 94-96 faiz (CH4) metandan ibarətdir. C karbondur, H-da hidrogen, bunların heç biri zəhərli deyil. Azərbaycanda qaz eyni mənbədən çıxır, hamısının da tərkibi eynidir. Mediada da tez-tez yazırlar ki, kimsə qazdan boğulub. Qazdan zəhərlənmə tamam başqa bir şeydir. Qazın özü yox, yanma məhsulları zəhərlidir. Bəzən “filankəs maşında zəhərlənib ölüb” deyirlər, bu o demək deyil ki, benzinə zəhər qatıblar. Benzin karbohidrogenlərə aiddir, onun da yanma məhsulları zəhərlidir”. 

Ekspert vurğulayıb ki, qazın fəsadı əsasən cihazların nasazlığından yaranır. Qazı yandıran zaman cihaz düzgün işləmirsə, fəsad ortaya çıxır. Qazın yanması üçün 9.5 kub metr hava lazımdır. Hava çatışayanda karbon 4 oksid əvəzinə karbon monoksid, yəni dəm qazı yaranır. Dəm qazı (CO) olduqca zərərlidir. Bunun da əsas səbəbi cihazdır”.

“Heç kimin qapısını döyüb soruşmurlar ki, qaz cihazınız işləyirmi?”

Nüsrət Qasımov qeyd edib ki, sovet vaxtı ayda bir dəfə camaatın evində cihazlar yoxlanardı: “Gündə 60 mənzilə baxış keçirirdik. Evdə olmayan vətəndaşların da şənbə, bazar günləri gedib mənzillərindəki cihazlara baxış keçirərdik. 2016-cı ildən bəri isə heç kimin qapısını döyüb soruşmurlar ki, cihazınız işləyir, ya yox?!.”
Plitənin üstünə, qaz çıxan dəliyə su və ya başqa qida tökülür, dəliyin ağzı qismən bağlanır, bu zaman yanma prosesi pozulur. Bunu insanlar bilmir. Onlar bu sahədə məlumatsız olduqları üçün deyə bilmirlər ki, qazın çıxdığı həmin dəlik neçə millimetr olmalıdır, necə təmizlənməlidir, bunu mütəxəssislər heç olmasa 6 aydan bir yoxlamalıdırlar”.

“Kim harda istəyir, qızdırıcı quraşdırır”


Nüsrət Qasımov onu da əlavə edib ki, insanların hamamda zəhərlənmələrinə də səbəb də qazdan düzgün istifadə edilməməsidir: “Vanna otaqlarında yanan qaz cihazları yoxlanmalıdır. Əllə, qaynaq yolu ilə düzəldilən “kalonkalar”da tüstü bacası olur.  5,9-20 mərtəbəli evlərdə o tüstü bacası divarin içi ilə yuxarı gedir, amma o birilərdə dəmir borular düzəldirlər, küçəyə çıxarırlar. Su qızdırıcılarının təlimatında yazılıb ki, 4 aydan bir tüstü bacaları təmizlənməlidir. “Ceyran” sobası, Rusiya istehsalı olan sobalar, kərpic, divar sobası -bunlar ildə bir dəfə mövsüm qabağı təmizlənməlidir. Mən 30-40 ildir bu tüstü bacaların yoxlanıldığını görməmişəm. Burdan çıxan dəm qazı havaya çıxmaq əvəzinə vanna otağına dolur. Bu da ölümə səbəb olur. Vanna otağının qapısında aşağıda 2.5 sm ölçüdə dəliklər, təbii işıq mənbəyi, nəfəslik olmalıdır. Ancaq bizdə kim harda istəyir qızdırıcı quraşdırır, mütəxəssislərdən də soruşmur. Hamamın həcmi 7.5 kub metr, hündürlüyü 2 metr 20 sm olmalıdır. Tüstü bacası damdan yarım metr hündürə qoyulmalıdır. Bakı küləklər şəhəridir, külək qazı yanma məhsulları təmizlənməyən bacaların, “kalonka”ların içinə  doldurur. Ölüm hadisələri də bu zaman baş verir. Bu parametrləri, standartları gözləməyəndə faciələr yaranır. İnsanlar sonra da “qaz zəhərlidir” və ya “qaza zəhər qatırlar” kimi əsassız fikirlər səsləndirirlər”.

“Hər ölkənin özünün standartı var” deyən ekspert onu da əlavə edib ki, İranın satdığı sobalar bizim standartlara uyğun deyil: “Bizim şəbəkədə qazın optimal təzyiqi 130 mm su tutumunun təzyiqinə bərabərdir. Məsələn, İrandan gətirilən sobalarının istilik təzyiqi 178 mm-dir. Onu gətirib bizim şəbəkədə quraşdıranda o, düzgün işləmir. Üstəlik, naşı ustaya göstərirlər, o zaman da sobada yanma prosesi pozulur və nəticədə dəm qazı yaranır. Heç kim də soruşmur ki, bunları niyə bizim öklədə satırsınız?”.  

Deyilənlərlə bağlı Azəriqaz İB-lə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, qaz cihazlarının təhlükəsizliyinə nəzarət onlara deyil, Energetika Nazirliyinin səlahiyyətindədir.

Biz də sualımıza cavab almaq üçün Energetika Nazirliyinə sorğu göndərdik. 

Afaq Mirayiq