Roza Zərgərli xanəndələrə meydan OXUDU: “Muğam oxusam, sökərəm” - MÜSAHİBƏ - FOTOLAR - VİDEO
    • 18-11-2019, 17:38
    • 3 049

Roza Zərgərli xanəndələrə meydan OXUDU: “Muğam oxusam, sökərəm” - MÜSAHİBƏ - FOTOLAR - VİDEO

O, müğənnidir, aparıcılıq edir, hələ üşənməyib bioqrafik roman da dərc edib. Söhbət adı daha çox qalmaqallarda hallanan müğənni Roza Zərgərlidən gedir. News24.az kamerası önünə keçən sənətçi, həyatındakı bir çox məqamlardan söz açıb. Xanım ifaçı televiziyada yeni layihələr etmək niyyətindədir.

- Bildiyiniz kimi, bir çox layihələrimin rəhbəri özüməm. Bu yaxınlarda da yeni layihəm işıq üzü görəcək. Eksklüziv olaraq sizə açıqlayıram. Verilişin adı “Meşəbəyi”dir, aparıcısı isə gənc model Rüstəm Cəbrayılov olacaq. Gözəl, göyçək, yaraşıqlı, bir çox xanımların sevimlisi Rüstəm meşədə yaşayacaq. Layihə iki həftə sonra başlayır. Ondan sonra turizmlə bağlı daha bir layihəmiz olacaq, onu isə oğlum aparacaq.

- Gözəllikdən danışdınız. Sizin üçün vizual görünüş daha önəmlidir? 

- Xeyr. Mən, televiziya məkanında estetik görünüşə önəm verirəm. Bununla yanaşı, gərək, insanın daxilində pozitivlik, çəkicilik olsun. Diksiyasında və artikulyasında problemi olmamalıdır. Televiziya, media qarşısına çıxan insan hər zaman estetik, kübar, mədəni görünməlidir.

- Suna Kasımoğlunu da Azərbaycan Televiziya məkanına siz gətirmisiniz?

- Yox. Suna illərdir bu sahədədir. Sadəcə olaraq indi onun önə çıxması üçün mən onun yanındayam, köməklik göstərirəm. Onun verilişinin layihə rəhbəriyəm. Layihəni “Youtube”dan sonra televiziyaya gətirdik. Məncə maraqlı oldu. Veriliş ATV telekanalında yay mövsümündə, həftə içi beş gün yayımlandı, indi isə İTV-dədir. Amma bu kanalda həftədə bir dəfə veriliş efirə gedir. Sunanın işləri həddən artıq çoxdur. Hətta, bu yaxınlarda restoran da açacaq.

- Sizin qalib gəldiyiniz avtomobili MGP qazilərə bağışladı. Amma bu dəfə hədiyyə maşın yox, mikroavtobus idi. Nədənsə həmin an sizə söz verilmədi. Qalibin sözləri ürəyində qaldı?

- Əslində, öncə Murad müəllim məni təqdim etdi, amma nədənsə nə mənə, nədə ki, qazililərin rəhbərinə söz verilmədi. Düşünürəm ki, o an heç nə deyə bilməzdim. Çünki çox duyğusal və həssas məqam idi. Qazilər içəriyə girəndə hər kəsi qəhər boğdu. İstəyərdim söz deyim, amma emosiyalarıma qapılıb kövrələ bilərdim. Hətta təqdimatdan sonra mən 10 dəqiqəlik efirdən çıxdım, amma şounun sonunda gəldim. Bəzi jurnalistlər hətta düşündülər ki, mənə söz demək qadağası qoyulmuşdu, amma elə bir şey yoxdur. Hörmətsizlik olmadı bu taktikaydı, o an belə olmalıydı.

- Suna Kasımoğluya belə bir sual verdim ki, “Əgər, növbəti maşın 18 qalibdən ibarət olsa və siz də, ora daxil olsanız yenə də, qalib gələrsinizmi?” dedi ən birinci məni çıxardarlar. İkinci sualım isə bəs Roza Zərgərliyə görə əlini çəkərsinizmi? Dedi xeyr. Buna münasibətiniz necədir?

- Doğurdan? Mənim xəbərim yoxdur. İnanmıram ki, Sunanı ilk çıxararlar. Məncə elə yenə də axıra qədər gedər. Çünki, güclü oyunçudur. Bilirsiniz, Sunanın bir qəşəng sözü var - “Mən “aptalı” oynamağı çox sevirəm”. Mənimlə oynamaq çox çətindir, bunu da, sübut etdim. Mən daim haqqın, düzgünlüyün tərəfində olmuşam. Satqınların, yalançıların yanında ola bilmərəm. Əgər kimsə satıldısa, yalan danışdısa, o satqının əliylə, elə satqını yola verərəm. Sonuncu şoudan sonra Abbas Bağırovdan başqa hər kəslə danışıram. 

- Abbas ilə şouya görə incidiniz? 

- Dost deyildik, amma az əməyim də olmayıb üzərində. Sonra özü dindirmədi. Mənim üçün də külək daim gilavardır. Şouya görə küsmək zəifçiliyin əlamətidir. Mən onu güclü bilirdim, amma elə deyilmiş.

- Bəs aparıcı Lalə Mustafayeva ilə necə? Onunla da aranızda soyuqluq baş verib?

- Yox. Sadəcə olaraq, sonda iki nəfər qaldı, mən də seçim etmək məcburiyyətindəydim. Suna aparıcımdır, əlbəttə ki, ona dəstək olmalıydım. Hətta, bir neçə dəfə ona qarşı çıxan Lalənin getməsinə səs də istəmişəm. O zaman ona səs göndərməyən dostlarımız, indi bütün günü Sunanın yanındadır. Amma real həyatda Lalə ilə heç bir pis münasibətim ola bilməz. Finala gələndə əlimdə bir dəstə gül ilə gəlmişdim, düşünürdüm ki, uduzana onu verərəm. Sonra ad açıqlananda, bildim ki, sən demə qalib gələn Suna imiş. Lalə yoxa çıxdı, mən də məcbur qaldım gülü Sunaya verdim. Həm də Laləyə gül versəydim yəqin ki, pis anlaşılardı. Düşünərdi ki, mən onun məğlubiyyətini bayram edirəm. 

- İlk kitabınız “Sibir Çiçəyi” adlanırdı. Burada həyatınızdan yazmısınız. Həyatınız çoxmu keşməkeşli keçib?

- İlk olduğuna görə öz taleyim üzərində sınadım. Və deyim ki, bu kitab haqqımda fikirləri dəyişdi. Kitab bir qızın fəth etdiyi uzun həyat yolundan bəhs olunur. “Sibir Çiçəyi” gənc xanımlar üçün həm də yaxşı bir dərslikdir. Hər bir xanıma təhsil lazımdır. Onlar şəxsi mənafədən öncə ayaqda durmağı öyrənməlidirlər, karyera qurmalıdırlar. O qədər xanımlar mənə şəxsi “İnstagram” hesabımda yazıb, təəssüratlarını bölüşürlər ki... Hətta məsləhət də istəyirlər, amma mən bunu edə bilmərəm. Çünki sənin həyatın mənim deyil. Sən özün, həyatındakı problemlərdən çözüm yolu tapmalısan. Deyirlər ki, mən özümü öldürmək istəyirəm. İzah edirəm ki, intihar çözüm deyil. Baxmayaraq ki, mən də, zamanında intihara çəhd etmişəm. Çünki ilk evliliyimdə yoldaşım tərəfindən dəfələrlə şiddətə məruz qalmışam. İkinci kitabım oğlanlarımın anası haqqında olacaq. Çox faciəli həyat hekayəsidir. Üçüncü isə səfil həyat yaşayan bir alimlə bağlı olacaq. 

- Uşaqlarınıza nə vaxtsa əl qaldırmısınız?

- Bir qadın dünyaya gətirdiyi övlada əlini qaldırırsa, o ona hörmət qoymur. Düzdür, mən də uşaqlarımı danlayıram, küncə qoyuram, hətta lazım olanda yüngül vururam da, amma döymürəm. Vəhşicəsinə övladını döyən qadınlar var. Onlar öz yaratdığı varlıqlara hörmət qoymurlar. Eyni ilə bu məsələ kişilərə də aiddir. İllərlə başını bir yastığa qoyduğu qadını döymək, özünə əl qaldırmaq kimi bir şeydir.

- Bu yaxınlarda mediada oğlanlarınızın atasının kimliyi barədə məlumatlar dərc olunmuşdu. Yazılanlar doğrudur?

- Xeyr. Övladlarımın atasının adı Maris Beynetsdir. O adam altı il öncə dünyasını dəyişib. Anaları Leyla Qafarova da beş il öncə rəhmətə gedib. Saytda verilən adları çox gözəl tanıyıram, amma övladlarımın valideynləri deyil, qohumlarıdır. Saytda verilən kişinin yoldaşı Corcun atasının bibisi qızıdır. Çox tanınmış jurnalistdir, yoldaşı isə məşhur dirijordur. Siyavuş Kəriminin yaxın dostudur. 


- Övladlarınızdan danışdınız. Bir qızınız musiqiçidir, böyük oğlunuz isə aktyordur. Onların incəsənətdə olmasını istəyirsiniz?

- Qızım peşəkar təhsil alan opera ifaçısıdır. Amma hələ ki, səhnədə olmaq istəmir. Mən çox arzu edərdim, çünki bu onun uşaqlıq istəyi olub. Onun birdən-birə niyə səhnələrdə olmaq istəməməsini son altı ayda başa düşdüm. Çünki bu çirkabın içinə girmək istəmir, mən də onunla razıyam. Böyük oğlum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib, əsgərliyini çəkib, indi isə “Xəzər” Televiziyasında yayımlanan “İmtahan” serialında, həmçinin də bəzi reklamlarda rol alır. Kiçik oğlum isə hələ ki, əsgərlikdədir. Heç nəyə marağı yoxdur. Ancaq yesin, içsin, kef eləsin. O, bizim dəlisovumuzdur. Çox istəyərdim ki, hərbçi olsun, amma inanmıram. Övladlarımda müsbət cəhət var, onların heç biri məndən dəstək almırlar. Ona görə də, son zamanlarda media bizim haqqımızda yazanda, onlar artıq sıxılırlar. Deyirlər ki, biz özümüz addım ata bilmirik, hər yerdə Roza Zərgərlinin adı var. Qızım Bənövşə türklərlə azərbaycanlılar arasında ərsəyə gələn bir filmdə baş rolda çəkilib, “soundtrek”ini də ifa edib, amma heç qoymur ki, onu “İnstagram”da paylaşıb, reklam edim. Ya da ki, oğluma reklamlarla bağlı təkliflər gəlir, deyirəm gəl mən danışım icazə vermir. Həvəsim də qursağımda qalır.

- Zənnimcə, tanınmış valideynin övladı olduqda öz adıyla tanınmaq daha çətindir. Hər addımında valideynlərin adı ilk çəkilir. 

- İnanın ki, nə Rəqsanə Aysunun yerinə gedib oxumayacaq, nə də ki, Aybəniz xanım. Qızların öz canlarında bu var. Rəqsanə bütün günü televiziyalara zəng edib, Aysunu tapşırmırki? İnanmıram buna, çünki Rəqsanə bunu özünə sığışdırmaz. 

- Hər kəs böyük oğlunuzun toyuna hazırlaşırdı. Nə oldu? Toy niyə baş tutmadı?

- Arzum ürəyimdə qaldı. Oğlum dedi ki, “Mama gözlə, hələ aşk yaşıyoruz” iki ildən sonra evlənərik. Qərarına hörmətlə yanaşdım, amma mən oğul nənəsi olmaq istəyirəm. Gəlinim türkdür. Heç vaxt uşaqlarımın seçimlərinə qarışmaram. Düzdür, razılığım olmadan olmaz, amma yenə də, seçmərəm. Sadəcə olaraq təcrübəm var. Yerişdən, duruşdan bilərəm kim necədir. Hər bir valideyn çalışar ki, övladlarının qurduğu ailəsi əbədi olsun. Əbədilik üçün isə mütləq şəkildə valideynin xeyir-duası olmalıdır. Amma könül məsələsi mütləqdir. İcazə vermərəm ki, övladlarım sevgisiz ailə həyatı qursunlar. Hətta görsəm ki, mən layiq görmürəm, amma onlar bir-birilərini dəlicəsini sevirlər qırağa çəkilərəm. Çalışaram ki, o adamı sevim.

- Müsahibələrinizin birində demisiniz ki, müğənni olduğuma görə atam məni evdən qovdu. İndi atanızla münasibət necədir?

- Qovalamamışdı, məndən küsmüşdü (gülür), amma artıq bu qərarımla razıdırlar. Atam hərbçidir və çox sərtdir. Düzdür, atamın ürəyi çox yumşaqdır, ona görə də, sözümdən çıxmayıb, xətrimə dəyməyib. Hətta toydan içib gələndə, şuluqluq salırdı onda məni onun yanına göndərirdilər ki, qılığına girim. Amma bu seçimimlə razı olmayıb. Deyirdi müəllim ol, səhnədə olma. İndi isə özü göstəriş verir, deyir ki, “Bunu yaxşı oxumadın, xoşuma gəlmədi”, ya da ki, deyir “Bir az muğam oxu” başa salıram ki, mən klassik-estrada ifaçısıyam, ona görə alınmaz. Amma muğam oxusam sökərəm.


- İkinci həyat yoldaşınızı heç kim görməyib. Hətta sosial şəbəkələrdə belə onunla birgə fotonuz yoxdur. Niyə?

- Fatimə göstərdi indi peşimandır, mən ağıllı qadınam (gülür). Həyat yoldaşımın əlləri çox çirkindir, ona görə də “qol” paylaşmaram. Qısqanmır məni. 40 yaşım var, nəyimi qısqansın? Amma bir dəfə bərk küsmüşdük, zəng edib, dedim ki boşanıram. Həftənin əvvəli boşanırıq, axırı barışırıq. Əslində, bunlar boş şeylərdir. Hər bir insanın yuvası onun dini, əlçatmaz ocağıdır. Onu da deyim ki, uşaqları efirə çıxartdığım üçün çox peşimanam, amma məcbur idim. Çünki adları xaricidir, hər kəs düşünürdü ki, həyat yoldaşım xaricidir. Minlərlə hekayələri bağlamaq üçün uşaqlarımı göstərib açıqladım ki, mən onların bioloji anası deyiləm. Çox köbud rəylər yazırdılar mən də depressiyaya düşürdüm. Övladlarım arxamda durdular və dedilər ki, biz səndən utanmırıq, sən niyə bizdən çəkinirsən? Ona görə də, uşaqlar haqda sonuncu dəfə News24.az-a danışıram.

- Bir müddət öncə adınız mərhum Xalq artisti İlhamə Quliyeva ilə yan-yana hallanmışdı. Hətta deyilirdi ki, siz onun taxtına yiyələnmək fikirindəsiniz. Mərhum sənətkar sizi çoxmu istəyirdi?

- Əvvəllər istəmirdi, hətta bir çox yerlərdən məni uzaqlaşdırmışdı. 2010-cu ildən sonra münasibətimiz dəyişdi. Bir dəfə “Space TV”nin çəkilişində üz-üzə gəldik, mənə dedi ki, sən əvvəllər nə olubsa ona fikir vermə, bilki səni çox istəyirəm.

- Dəfələrlə səhnədən getmək istəmisiniz. Qazandığınız sevgini itirməkdən qorxmursunuz?

- Yox. Mən indi də səhnədən getsəm, aktual olacam. Qızım xəstə idi, ona görə də, məcbur qalıb Moskvaya köçdüm. Ora ilə bura alınmırdı. O vaxt “İnstagram” yox idi. Efirə çıxırdınsa müğənniydin, çıxmırdınsa müğənni sayılmırdın. Ona görə də fəaliyyətimi davam etdirə bilmirdim. 

- Rəqibiniz var?

-  Yox. 

Sevda Bayramova
VİDEO – FOTO: Fərid Şabanov