NASA 50 il sonra yenidən Aya uçur
Dünya
NASA 50 ildən çox fasilədən sonra Aya göndəriləcək ilk ekipajlı uçuş olan “Artemis 2” missiyası üçün əsas geri sayım və buraxılış məşqini uğurla başa çatdırıb.
News24.az xəbər verir ki, dörd astronavt — Reid Wiseman, Viktor Qlover, Kristina Kox və kanadalı Ceremi Hansen tam hazırlıq sınağı çərçivəsində “Orion” kosmik gəmisinə minərək buraxılış günü prosedurlarını icra ediblər.
Məşq ABŞ-nin Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzində SLS raketi üzərində həyata keçirilib. NASA “Artemis 2” missiyasını 2026-cı ilin əvvəlində reallaşdırmağı planlaşdırır.
Qeyd edək ki, bu uçuş 1972-ci ildə həyata keçirilmiş “Apollo 17” missiyasından sonra Ay ətrafına göndəriləcək ilk ekipajlı missiya olacaq. “Artemis 2” gələcəkdə Ayın cənub qütbünə enişi nəzərdə tutan “Artemis 3” proqramı üçün mühüm zəmin yaradacaq. Missiya zamanı “Orion” kosmik gəmisi Yer orbitində sistem sınaqlarından sonra Ay ətrafında dövrə vuracaq və daha sonra Sakit okeana eniş edəcək.