Bu gün Çingiz Mustafayevin ad günüdür
    • 29-08-2018, 11:16
    • 1 230

Bu gün Çingiz Mustafayevin ad günüdür

Bu gün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq telerepartyor, Milli Qəhrəman  Çingiz Mustafayevi yad edirik.

News24.az-ın məlumatına görə, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.

 Mustafayev, 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub.
O, Azərbaycanda ilk DJ kimi tanınır.

İxtisasca həkim olan Çingggiz Mustafayev  1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasındareportyor kimi fəaliyyət göstərməyə başlayıb.

 Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.
 
Sevilən jurnalist 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi.