Paytaxtın 12 rayonunda tədqiqatçı məktəblilər müəyyənləşdiriləcək
    • 25-11-2019, 10:34
    • 949

Paytaxtın 12 rayonunda tədqiqatçı məktəblilər müəyyənləşdiriləcək

Paytaxtın ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) News24.az-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan müsabiqə hər məktəbdən 5 nəfər olmaqla komanda şəklində keçiriləcək. Komandalar onlara təqdim olunan mövzular (sağlam həyat-xoşbəxt həyat, təmiz  ətraf mühit, bitkilər həyat mənbəyidir, məktəbimin təbiəti, sağlam qidalanma, fövqəladə hadisələr zamanı davranış qaydaları, məktəbdə ən çox sevdiyim guşə, yol hərəkəti qaydaları və mən, texnoloji yeniliklər, bayramlar və tarixi günlər, mədəni irsimiz) üzrə araşdırma aparacaqlar.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə 3 mərhələdən ibarətdir.

Müsabiqənin I (məktəbdaxili) mərhələsi (26 noyabr-2 dekabr) məktəblərdə keçiriləcək və komandalar onlara təqdim olunmuş  mövzulardan birini seçməklə tədqiqat aparacaqlar. Hər məktəbdən bir qalib komanda seçilərək müsabiqənin rayon mərhələsində (11-13 dekabr) iştirak etmək hüququ qazanacaq. Rayon mərhələsində komandaların tədqiqat işləri Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

II mərhələnin nəticələrinə əsasən seçilmiş komandaların tədqiqat işləri müsabiqənin şəhər mərhələsində (18-20  dekabr) dinləniləcək və 6 məktəbin komandası qalib olaraq müəyyənləşdiriləcək.

Sonda qalib komandalar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin bütün iştirakçı komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.