"Semaşko" xəstəxanasında biabırçılıq - Pasienti ayaqyoluna buraxmadılar
    • 30-08-2018, 12:57
    • 4 010

"Semaşko" xəstəxanasında biabırçılıq - Pasienti ayaqyoluna buraxmadılar

Bu gün News24.az redaksiyasına şikayət daxil olub.

 Bəşirova Natəvan redaksiyamıza müraciət edərək bildirib ki, el arasında Semaşko kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdə personal tərəfindən kobud münasibətə məruz qalıb. Natəvan xanım qanvermə labarotoriyasında qan verdikdən sonra özünü piss hiss edib və  tualetə getmək istəyib. Dəhlizin hər iki başında ayaqyolu olsa da, xəstəxananın əməkdaşları xanıma tualetdən istifadə etməyə icazə verməyiblər. "Ayaqlarımda tromb var. Yeriyə bilmirəm. Qan verdiyim üçün də halım pis  idi. Məni dəhlizdə ən az 10 dəfə o baş-bu başa göndərdilər. Hər iki tərəfdə olan tualetin qapıları bağlı idi, açmadılar ki, xəstəxanada yatmırsansa istifadə edə bilməzsən", - deyə o şikayətində bildirib.

 Dövlət xəstəxanasında insana qarşı göstərilən bu qəribə laqeydliyi araşdırmaq üçün xəstəxanaın baş həkimi ilə əlaqə saxlamaq istədik. Baş həkim məzuniyyətdə olduğu üçün suallarımızı cavablandıran baş həkimin müavini Məhəbbət İbrahimova bildirdi ki, tualetlərdən istifadəyə qadağan qoyulmayıb və bu məsələ rəhbərlik tərəfindən araşdırılacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də sorğumuza verilən cavaba görə, dövlət müəssisəsində bu cür halın qeydə alınması ağlasığmazdır və belə hala ilk dəfə  rast gəlinib.

1 saylı Kliniki Tibbi Mərkəz ölkə əhalisinin ilk növbədə üz tutduğu dövlət müəssisəsidir. Lakin, bu tibb mərkəzindən gələn şikayətlərin ardı-arası kəsilmir. Tibb bacılarının bir stəkan pulu belə cibinə "şirinlik" qoymadan gətirmədiyini söyləmək yəqin ki, heç kimə yenilik olmaz. Amma xəstəxana rəhbərliyi onu da düşünməlidir ki, üstündə dövlət adı olan bir müəssisədən bu cür sui-istifadə elə dövlətin adına  ləkə yaxmaqdır. Ümid edirik ki, Səhiyyə Nazirliyi bu xəstəxanadakı can bazarının qarşısnın alınması üçün müvafiq tədbirlər görəcək.

 Konkret bu şikayətə gəlincə isə, araşdırmaq o qədər də çətin olmamaldır. Hər  tərəfdə müşahidə kameraları var. Üstəlik xəstəxana rəhbərliyi personalın hər addımından xəbərdar olmaq kimi bir məsuliyyətin daşıyıcılarıdır.

İlhamə Rəsulova

News24.az