Bakıda unikal əməliyyat - 40 yaşlı kişiyə süni sidik kisəsi qoyuldu
    • 5-12-2019, 11:54
    • 2 684

Bakıda unikal əməliyyat - 40 yaşlı kişiyə süni sidik kisəsi qoyuldu

Bakıda unikal əməliyyat həyata keçirilib. 

Şəhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edən 40 yaşlı kişidə müayinələr nəticəsində nadir rast gəlinən patologiya – interstisial sistit aşkarlanıb. Həyata keçirilən əməliyyat ilə pasiyentdə süni sidik kisəsi yaradılıb.

İnterstisial sistit xəstəliyi ilə müraciət edən hər bir xəstədə sidik kisəsini tamamilə çıxarılmır. Yalnız bu xəstəliyin terminal mərhələsində, yəni sidik kisəsi həcmini və funksiyalarını tam itirdikdə çıxarılır.

Pasiyent kişilərdə çox nadir rast gəlinən, səbəbi bilinməyən, ağır interstisial sistit xəstəliyindən əziyyət çəkib. Nəticədə onun sol böyrəyi tamamilə fəaliyyətini dayandırıb. Xəstə tək böyrəklə və böyrəklərin yükünü azaltmaq məqsədilə qoyulan nefrostoma ilə yaşamağa məhkum olub. Əməliyyata qərar verilib və xəstədə nazik bağırsaqdan süni sidik kisəsi formalaşdırılıb. Uğurla başa çatan əməliyyatdan 10 gün sonra xəstə evə yazılıb.