MTRŞ: 102 FM dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil
    • 10-12-2019, 18:24
    • 783

MTRŞ: 102 FM dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil

Milli Televiziya və Radio Şurası (MTRŞ) son günlər kütləvi informasiya vasitələrində guya Çingiz Mustafayevə aid olan radio tezliyin satışa çıxarılması barədə məlumatlara münasibət bildirib.

News24.azxəbər verir ki, məsələ ilə bağlı yanlış məlumatlar dərc olunmaqdadır.

Bildirilib ki, Azərbaycan Respublikasının radio tezlikləri dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmayıb və çıxarıla da bilməz: “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.4-cü maddəsinə əsasən dövlət yayım tezliklərini yalnız istifadəyə verir. Həmin Qanunun 11.5.2-ci maddəsinə görə isə, teleradio yayımı sahəsində müvafiq dövlət orqanı (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası) tezlik resurslarından səmərəli istifadə olunmasına nəzarət edir. Şuranın elan etdiyi müsabiqələrin nəticəsinə uyğun olaraq müsabiqədə qalib gələn yayımçıya müəyyən bir radio tezlikdə yayım aparmaq üçün lisenziya verilir, həmin yayımçı da öz növbəsində həmin tezlikdən istifadə üçün müvafiq dövlət orqanları (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Radio Tezliklər İdarəsi və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi) ilə müqavilə bağlayaraq lisenziyanın şərtləri daxilində ondan istifadə edir. Adı çəkilən 102.0 MHz efir radio tezliyi 1994–2016-cı illər arasında “ANS ÇM” radiostansiyasının istifadəsində olub. 18 iyul 2016-cı ildə “ANS-ÇM”-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalıb. Efir radio tezliklərindən səmərəli istifadənin təmin olunması məqsədilə Milli Televiziya və Radio Şurası 5 noyabr 2019-cu ildə keçirilmiş iclasında "Tеlеviziya və radiо yayımı haqqında" Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan edib. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcək".

Qeyd olunub ki, 2016-cı ilin dekabr ayından Azərbaycan Respublikası ərazisində televiziya yayımı yalnız rəqəmli formatda həyata keçirilir: "Bunun müsbət nəticəsi kimi bir efir tezliyində 10-12 SD televiziya kanalının və ya 3-4 HD formatda yayım aparan televiziya kanalının ötürülməsi mümkün olub. Yaxın gələcəkdə radionun da rəqəmli yayıma keçidi ilə əlaqədar bir efir tezlik resursunda 10-a yaxın radio kanalın yayımı mümkün olacaq. Bu da təbii olaraq, hər hansı bir efir radio tezliyinin guya kiminsə adına və ya mülkiyyətində olması iddiasını tamamilə alt-üst edir. Yayılan məlumatlarda qeyd olunan hazırda istifadəsiz 50-yə yaxın tezliyin olması barədə iddiaya cavab olaraq bildiririk ki, radio kanalların əksəriyyəti 100.0MHz–108.0 MHz tezlikləri arasındakı FM diapazonunda yayımlanır. Bu diapazonda hazırda tam rəqəmli bir tezlik resursu (102.0 MHz) istifadəsizdir ki, ona da müsabiqə elan olunub. Lakin 88.0 MHz – 100.0 MHz arası diapazonda istifadə olunmayan tam rəqəmli bir sıra tezliklər mövcuddur ki, zərurət olduğu təqdirdə onların da gələcəkdə müsabiqəyə çıxarılması məsələsinə baxıla bilər". /apa.az/