Bu il 15638 yanğın hadisəsi olub - RƏSMİ
    • 16-12-2019, 13:00
    • 951

Bu il 15638 yanğın hadisəsi olub - RƏSMİ

2019-cu ilin 11 ayı ərzində müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi, yanğından mühafizə, su hövzələrində xilasetmə və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 95 minə yaxın zəng daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, respublikada 15638, o cümlədən Bakı şəhərində 4266 yanğın hadisəsi qeydə alınıb.
Onlardan 21 yanğın hadisəsi yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 47 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 6 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. Əməkdaşların şücaəti səyəsində ümumilikdə 1472 hektara yaxın taxıl zəmisi, həmçinin, 400 min kvadratmetrdən artıq tikili sahəsi yanğından mühafizə olunub, meşəlik ərazilərdə baş vermiş yanğınlar Aviasiya dəstəsinin təyyarə və helikopterləri, Mülki müdafiə qoşunları və regional mərkəzlərin qüvvələri cəlb edilməklə geniş ərazilərə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib.

Ümumilikdə, yanğınların söndürülməsi zamanı 86 dövlət obyekti, 323 özəl obyekt, 346 çoxmənzilli bina, 526 fərdi ev, 480 yardımçı tikili, 276 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1030 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Həmçinin, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 50 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 74 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən xilas edilib, həlak olmuş 40 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.