“SOCAR-Petrofac”-la BP arasında müqavilə imzalandı
    • 17-12-2019, 14:25
    • 740

“SOCAR-Petrofac”-la BP arasında müqavilə imzalandı

“SOCAR-Petrofac” birgə müəssisəsi (SPC) BP-nin Azərbaycan və Gürcüstanda həyata keçirdiyi əməliyyatları dəstəkləmək məqsədilə Layihə Menecmenti Xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalayıb.

SOCAR-ın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, üç il müddətinə bağlanmış müqavilə Xəzər dənizində BP-nin əməliyyatçı olduğu layihələrdə, o cümlədən “Azəri”-“Çıraq”-“Günəşli” blokunun, “Şahdəniz” yatağının, Bakı-Tbilis-Ceyhan,  Cənub Qafqaz Boru Kəməri və Qərb İxrac Kəməri layihələri çərçivəsndə quru və dəniz əməliyyatlarının dəstəklənməsini nəzərdə tutur. 

Petrofac şirkətinin Şərq Mühəndislik, Tədarük və Tikinti bölməsinin idarəedici direktoru Mani Racapati deyir: “Biz əsas tərəfdaşımız SOCAR ilə birlikdə regionda xidmət təkliflərimizi genişləndirməkdə davam edirik. 15 ildən artıqdır Azərbaycanda fəaliyyət göstərən Petrofac burada ixtisasartırma imkanları yaradır, ölkənin neft və neft-kimya sənayesində xidmətlər göstərir. Bu bizim beynəlxalq fəaliyyətimizin güclənməsinə zəmin yaradır. Biz əvvəl də regionda BP ilə əməkdaşlıq etmişik və bu şirkətin Azərbaycanda və Gürcüstanda həyata keçirdiyi əhəmiyyətli layihələrə təhlükəsiz, etibarlı və effektiv dəstək verməyə hazırıq.” 

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib: “Biz Petrofac ilə uğurlu əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıq genişlənməkdə davam edir. Birgə müəssisə özündə bizim müvafiq təcrübəmizi, yerli biliklərimizi və dərin potensialımızı birləşdirir. Çox şadam ki, dünyada neft və qaz hasilatının əsas qədim məskənlərindən olan Xəzər regionunda BP ilə əməkdaşlıq istiqamətində belə bir müqavilə imzalandı”. 

Afaq Mirayiq