Daha 4 partiyanın seçkidə iştirakı rəsmiləşdi – SAY 19 OLDU
    • 21-12-2019, 15:05
    • 716

Daha 4 partiyanın seçkidə iştirakı rəsmiləşdi – SAY 19 OLDU

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
News24.az xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.
Əvvəlcə komissiyanın 20 dekabr tarixli iclas protokolu təsdiqlənib.
Daha sonra 4 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə nümayəndələrinin qeydə alınmasına dair məsələyə baxılıb. Bu məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova 4 siyasi partiyanın səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə nümayəndə qeydə alaraq müzakirə üçün MSK-ya təqdim etdiyini bildirib. Beləliklə, iclasda Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda o da bildirilib ki, Milli Məclisin deputatı Asim Mollazadənin rəhbərlik etdiyi bu siyasi təşkilatın adı dəyişdirilib. Əvvəllər tam adı Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası olan qurum 8 dekabr tarixli qurultayında adını dəyişdirərək Demokratik İslahatlar Partiyası edib.
Bununla da seçkiyə qatılmasını rəsmiləşdirən siyasi partiyaların sayı 19-a çatıb./Teleqraf.com/