Babək prospektində avtobus sürücüləri əks yola çıxdı, onları Vaqif Əsədov saxladı - VİDEO
    • 25-12-2019, 11:14
    • 1 030

Babək prospektində avtobus sürücüləri əks yola çıxdı, onları Vaqif Əsədov saxladı - VİDEO

Bakıda avtobus sürücüləri yolu əks istiqamətdə gedərək kobud qayda pozuntusuna yol veriblər.

News24.az report-a istinadən xəbər verir ki, qayda pozuntusu səhər saatlarında Babək prospektində qeydə alınıb.

Belə ki, 30 (dövlət qeydiyyat nişanı: 10 TG 389) və 49 saylı marşurut avtobuslarının sürücüləri hərəkətin əksi istiqamətinə hərəkət ediblər. Həmin vaxt ərazidən keçən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov hər iki sürücünü saxlayıb.
Vaqif Əsədov “Report”a bildirib ki, hər iki sürücü hərəkətin əksi istiqamətində getdikləri üçün onlar qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar: “Son zamanlar Babək prospektində avtobus sürücülərinin hərəkətin əksi istiqamətinə hərəkət etməklə “Ağ şəhər” istiqamətində getməsi barədə məlumatlar çox ciddi narahatlıq yaradıb. Bu istiqamətdə Bakı Şəhər Dövlət Yol Polisi kameraların köməyi ilə müvafiq tədbirlər həyata keçirir. Bu gün səhər saatlarında Babək prospektindən 10-cu Zavod dairəsi istiqamətində yaranmış sıxlıq zamanı iki avtobus sürücüsü bir-birinin arxası ilə qeyd edilən istiqamət üzrə hərəkətin əksinə hərəkət etməsinə şəxsən özüm şahidi oldum. Çünki özüm də həmin istiqamətdə gedirdim. Bu zaman hadisə yerindəcə həmin avtobusları saxladım. Dərhal da Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mayis Ağayevə və avtobus şirkətinin - “Azlənd Plaza” MMC sahibi Habil müəllimə də bu barədə məlumat verdim. Həmin sürücülər barəsində təsirli tədbirlər görüləcək”.