Bakının ən bahalı yolkası 20 min AZN-ə burdaymış - ARAŞDIRMA - FOTOLAR
    • 29-12-2019, 12:29
    • 4 392

Bakının ən bahalı yolkası 20 min AZN-ə burdaymış - ARAŞDIRMA - FOTOLAR

Yeni il bayramının ən gözəl rəmzi şam ağacıdır. Onu bəzəməklə ilin uğurlu, xoş keçəçəyi haqda deylənlərə bu gün də inanlar çoxdur. Yeni ilin müjdəsi olan bu ağacları quraşdırılmasını əksər ailə üzvləri səbirsizliklə gözləyir. Xüsusən, uşaqlar bu ritualı sevə-sevə gerçəkləşdirirlər. Bu səbəbdən də hər kəs bayram yolkasının daha gözəl, daha işıqlı olmasına çalışır.

Bunun üçün də paytaxtdakı yolka və oyuncaqlar satılan  mağazalara üz tuturlar. 

Maraqlıdır, bəs, görəsən ən gözəl və yaraşıqlı yolka neçəyə başa gəlir? Və onlar paytaxtın hansı mağazalarında satılır?

News24.az Bakının məşhur mağazalarına baş çəkib yolkaların qiymətini araşdırıb.

İlk olaraq “Ağ çiçəyim” mağazalar şəbəkəsinə üz tutduq. Mağaza satıcısı 3 metr hündürlüyündə olan sadə yolkanın 850,  5 metrliyində olanın isə 1500 manata olduğunu bildirib.


 
“Gallery” mağazasında da şam ağaclarının qiyməti müxtəlifdir. Burada 1,65 metrlik yolkaların qiyməti endirimlə 339 manatdır. Ən hündür yolka isə bu mağazada 3 metr 10 smdir. Onun isə qiyməti 1466 manatdır. 
 
“ZelHome” mağazalar şəbəkəsində də bayram üçün şam ağacı əldə etmək mümkündür. Burada isə qiymətlər 100 manatdan başlayır. 2,40 metrlik ağac 500 AZN, 3 metrlik ağac isə 1100 manatadır. 
 
“Gənclik Mall”da yerləşən “Coin Casa” mağazasında da yolka qiymətləri “əl yandırır”. Burada ən hündür yolkanın hündürlüyü 2,70 metrdir. Qiymətlərsə 1406 manatdən 703 manata endirilib.
 

Şəhərin dəbdəbəli alış-veriş mərkəzi “Port Baku”da yolkaların uzunluğu 2 metrdən bir qədər hündürdür. Qiyməti isə 570-640 AZN arasındadır. 
 
Mağazalarla yanaşı, şam ağaclarının səyyar satışı da həyata keçirilir. Araşdırma zamanı şam ağaclarının internetlə satışından da xəbərdar olduq. Məlum oldu ki, virtual bazarda təklif olunan ağac “Kremlyovskiy” növüdür və hündürlüyü 3 metrdən artıqdır. Yolkanın qiyməti isə 2500 manatdır. Satan şəxs qiymətin ucuz olduğunu sübut etmək üçün müqayisə də apardı. Onun dediyinə görə, bu yolkalar Binə yolundakı mağazalarda 20 min manata satılır. 

Teymur Məmmədov