"Besedka"da yaşayan ailə ilə bağlı ŞOK İDDİA: Əllərində benzin bidonu, dövləti şantaj edirlər
    • 3-09-2018, 17:45
    • 984

"Besedka"da yaşayan ailə ilə bağlı ŞOK İDDİA: Əllərində benzin bidonu, dövləti şantaj edirlər

Bu gün paytaxt Bakıda dörduşaqlı ailənin çöl həyatı yaşaması barədə məlumat vermişdik. Həmin ailə ilə bağlı ilginc təfərrüatlar üzə çıxıb.

Yerli sakinlə rəsmi nikaha girmiş qadının problemi artıq “Qaçqınkom”u maraqlandırmır 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru İbrahim Mirzəyev  açıqlamasında, yerli sakinlə rəsmi nikaha girmiş köçkün qadının köçkünlük statusu ləğv olunmadığını bildirdi: 

"Status qalır, lakin vahid aylıq müavinətin verilməsilə bağlı qanuna əsasən, yerli sakinə ərə getmiş qadının nə özü, nə uşaqları müavinət ala bilməz. Qadın boşandıqdan sonra da bu imtiyaz geri qayıtmır. Yəni, ananın köçkün statusu saxlanılsa da, bu imtiyazlar geri qayıtmır”. 

Yerli vətəndaşla rəsmi nikaha girməklə imtiyazlardan məhrum olan Leyla Sadayeva kömək üçün H.Əliyev Fonduna müraciət edib. Fonddan göndərilən məktubda ailənin probleminin həlli üçün Binəqədi rayon İcra Hakimiyyətinə göstəriş verilib.  

Ana yalan danışır, qaçqın statusu yoxdur və olmayıb

Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən açıqlamada, ana Leyla Sayadovanın köçkün statusunun olmadığı bildirildi:

"Dediyiniz ailə dəfələrlə qəbulumuzda olub, dəfələrlə maddi yardım göstərilib. Leyla Sayadova deyir qaçqınam, Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə sorğu verdik, təqsdiqini tapmadı. Elə bir şəxsin qaçqın statusunun olmadığı bildirildi. 

Qadın ümumiyyətlə heç bir sənəd təqdim edə bilmir. Ailənin sosial yardım üçün uçota durmaq hüququ var. Amma nə qədər desək ki, nə uşaqların, nə də özünün sənədlərini təqdim etmir. Anaya təklif etdik ki, uşaqları dövlət və ya qeyri-dövlət təşkilatların uşaq sığınacağına yerləşdirək. Qətiyyətlə razı olmadı. Hazırda bu ailə ilə bağlı araşdırmalarımız davam etdiyindən, qəti qərar verə bilmirik. İstənilən halda uşaqların mənafeyini üstün tutacağıq".
Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə: Məqsəd dövləti şantaj edib, ev almaqdır 

Azərbaycan uşaqlar birliyinin sədri, uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadə düşünür ki, ailə küçədə məskunlaşmaqla dövləti şantaj edir və bu yolla Bakıda ev və ya torpaq istəyir. Dörd uşaqdan insanlarda mərhəmət hissi yaratmaq üçün istifadə edir:  

“Leyla Sadayevanı çox yaxşı tanıyıram. Sizi əmin edirəm, qadın çox ciddi psixoloji problemi olan bir insandır. Vaxtilə uşaqları ilə birlikdə mənim sığınacağımda qalıb. Bu ailə 6-7 ildir bu yoldadır. Məqsəd dövləti şantaj edib, ev almaqdır. Şamaxıda ərinin ata mülkü var, gedib orada yaşaya bilərlər. Qeydiyyatları da oradadır. Qadının məqsədi Bakıda ev, ya da torpaq almaqdır. 

Deyir Xocalıda əsir düşmüşəm, yenə də sənəd yoxdur. Başa düşürəm, qanunlarda boşluqlar var, amma biz bunu aradan qaldırmaq üçün birinci bu şeylərin qarşısını almalıyıq. Bu qadın ancaq doğmaqla məşğuldur, ər də əyyaşın biridir. Deyir əsir düşərkən erməninin tüfənginin qundağı ilə başımdan aldığım zərbədən bu günə düüşmüşəm. Kömək etmək insanlar onu MRT-yə apardılar, qapıdan qayıdıb ki, müayinənin pulunu özümə verin. Görəndə ki, bunun söylədiklərini dəqiqləşdirmək istəyirlər, haray-həşir salır".

Kəmalə xanım çıxış yolunu uşaqların anadan alınıb, dövlətin himayəsinə verməkdə görür: "Mən polis bölməsinə də bu barədə məlumat vermişəm. Dövlət orqanlarının nümayəndələri belə bu qadının həyasızlığından çəkinirlər. Düşünürlər ki, həyasızlığın nəticəsi uşaqların başında çatlaya bilər. Mən də onlara izah edirəm ki, nə qədər çatlamayıb, komissiya yaradılsın və məsələ həll edilsin. İcra hakimiyyətinin Qəyyumluq komissiyası, Hüquq-mühafizə orqanlarının Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə inspektoru, DİN-in Ailə, Qadın və Uşaq Komitəsinin uşaq məsələlərinə baxan bir əməkdaşı - hüquqşünası dərhal komissiya yaradıb o uşaqları anadan uzaqlaşdırmalıdır. 

Aidiyyatı qurumlar onlara yaxınlaşa bilmir. Həmişə yanlarında benzin saxlayırlar. Deyir, uşaqlarımı əlimdən alsalar, özümü də, uşaqları da yandıracam. Elə bilirsiz doğrudan özlərini yandırmaq istəyirlər? Yox! Sadəcə xof yaratmaqdır. Bunun adı şantajdır". 

Leyla Sayadova uşaqlarının əlindən alınıb dövlətin himayəsinə verilməsini heç cürə qəbul etmir: "Bir gün olsa belə uşaqlarımdan ayrı qalmaram. Mən onları dövlətə, vətənə xeyirli bir övlad kimi yetişdirmək istəyirəm. Qızım Əfsanə əlaçıdır. İstəyirəm onları oxudum, savadlı böyüdüm. Mənim istədiyim balaca bir otaqdır, bir də sosial yardım. Versinlər, içinə girim, uşaqlarımı böyüdüm. Başqa heç nə istəmirəm". 

Uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadənin müdaxiləsindən və uşaqlarının əlindən alınacağını düşünən ana Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinə şikayət edib. Kəmalə xanım da öz növbəsində polisi və aidiyyatı qurumları məlumatlandırdığını deyir. 

Ana haqlıdır, ya yox, istənilən halda ortada bir ailə faciəsi yaşanır və bundan dörd azyaşlı uşaq əziyyət çəkir. Görünən mənzərə isə budur; gələcəyimiz küçədə böyüyür... 

//baku.ws