2019-ci ildə İTİRDİYİMİZ MƏŞHURLAR...
    • 30-12-2019, 18:29
    • 1 023

2019-ci ildə İTİRDİYİMİZ MƏŞHURLAR...

Artıq 2019-cu ilin son günlərini yaşayırıq. Bu il Azərbaycan mədəniyyət, incəsənət və şou aləmində bir çox hadisələr baş verib. 

Bu hadisələrlə yanaşı, sənət camiəsində itkilərimiz də az olmayıb.

News24.az xəbər verir ki, yola saldığımız ilin ən böyük itkilərindən biri məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov vəfatıdır. Dahi sənətkar mayın doqquzunda 85 yaşında dünyasını dəyişib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
 
Aktrisa Məleykə Ağazadə aprel ayında dünyasını dəyişib. Xanım aktrisa "Ulduz" filmindəki "Nazik" obrazı ilə tamaşaçılara tanış idi.
 
Rok ifaçısıs, "Yuxu" və "Sirr" qruplarının yaradıcısı İbrahim Emin iki iyul tarixində 56 yaşında sevənlərini tərk edib.
 
Əməkdar artist Nağəddin Məmmədov da 2019-cu ildə itirdiklərimiz sırasındadır. Gəncə Dövlət Kukla Teatrının aktyoru 52 yaşında həyatla vidalaşıb.
 
Aktyor olmasa da, "Uşaqlığın son gecəsi" filmindən tanınan Qorxmaz Atakişiyev də bu il itirdiyimiz tanınmışlar arasındadır. Son illər ayaqları tutulan Atakişiyev 79 yaşında tək yaşadığı mənzildə keçinib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da bu il itki verib. Teatrın aktrisası Elmira Hidayətova iyul ayında həyata əlvida deyib.

Azərbaycanın Xalq rəssamı Tahir Tahirov, boyakar Aıtay Hacıyev də 2019-cu ilin həyatını itirən tanınmışlar sırasındadır.

Uzun müddət xəstəlikdən əziyyət çəkən meyxanaçı Aydın Xırdalanlı bu ilin martında qaraciyər sirrozundan dünyasını dəyişib.  
 
Televiziya aparıcısı Ceyran Nərimansa xeyli müddət xərcəng xəstəliyi ilə mübarizə aparsa da, ilin əvvəlində sevənlərini tərk edib. 

Eləcə də, əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev yola salmaqda olduğumuz ilin oktabrında haqqa qovuşub.

İlin böyük itkilərindən biri də görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun vəfatıdır.  95 yaşlı alim iyunun 24-də dünyasını dəyişib.
 Sevda BAYRAMOVA