Zakir Həsənov Həmrəylik Gününü ƏSGƏRLƏRLƏ QEYD ETDİ - FOTO - VİDEO
    • 31-12-2019, 13:57
    • 719

Zakir Həsənov Həmrəylik Gününü ƏSGƏRLƏRLƏ QEYD ETDİ - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində azad edilmiş ön xətt mövqelərində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr və bayram sovqatları təqdim edib.

Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra nazir ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Sonra Müdafiə naziri səyyar tibb hospitalına baş çəkərək burada müalicə olunan əsgərlərlə və hərbi tibb müəssisəsinin personalı ilə də görüşüb, onları bayramlar münasibətilə təbrik edərək hədiyyələr təqdim edib.