Məktəblərdə xüsusi dərslər KEÇİRİLƏCƏK
    • 7-01-2020, 15:30
    • 839

Məktəblərdə xüsusi dərslər KEÇİRİLƏCƏK

“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

İdarədən News24.az-a verilən məlumata görə, əmrə əsasən, yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Həmçinin ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı mühazirə, seminar, xüsusi toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.

Bundan əlavə, 20 Yanvar hadisələrindən bəhs edən kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçiriləcək, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarət edəcəklər.
Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.