Lətifə Şəhriyarı BIÇAQLADI - VİDEO - FOTOLAR
    • 10-01-2020, 14:19
    • 1 197

Lətifə Şəhriyarı BIÇAQLADI - VİDEO - FOTOLAR

Ötən axşam müğənni Lətifə Soyuöz yeni klipini təqdim edib.

News24.az xəbər verir ki, Soyuöz 3 illik fasilədən sonra "Sınaq" adlı mahnıya ekran həyatı verib. Rejissorluğunu Anar Hüseynov etdiyi klipdə yüngül əxlaqlı qadınların həyatı, xəyanət əks edilib. Ssenariyə əsasən Lətifə həyat yoldaşını canlandıran Şəhriyar Əbilovu xəyanətə görə öldürür. O bildirib ki, çəkilişlər həddindən artıq ağır və yorucu keçib: "Bu işə çox əmək vermişik. İstədiyimizi əldə edə bildik. Əgər hər hansısa bir iş görürəmsə o, ən mükəmməl şəkildə olmalıdır. Üç il ara oldu. Amma inanıram ki, buna dəydi. Bu üç il ərzində bir çox kliplər çəkmək olardı. Lakin düşündük ki, elə bir iş olsun ki mən rahat ürəklə gətirib tamaşaçılara təqdim edim. 2020-ci ilə klipimin ilk akkordları vuruldu. Klipin materialı həddən artıq çox idi. 5 günün materialı idi. Onu bir-neçə dəqiqəyə sığdırmaq isə çox çətin oldu. Montaj tam bitdikdən sonra xoşbəxtliyimin həddi – hüdudu yox idi".

Lətifə Soyuöz klipində onun həyat yoldaşını canlandıran aktyor Şəhriyar Əbilovdan danışaraq, klipin pərdəarxası məqamlardan söz açıb: "Aktyor Şəhriyar Əbilov çox sevdiyim dostlarımdan biridir. Biz çox düşündük ki, kimi klipə çəkək. Ən son isə Şəhriyarın üzərində dayandıq. Çünki o həm vizual, həmdə görüntü olaraq mənə çox yaxındır. Ən çətin səhnə isə birinci çəkiliş günü idi. Çəkilişin ilk günü açıq-havada çöldə lentə alındı. Həmin gün isə elə yağış yağırdı ki "tut ucundan qalx göyə". Əməlli-başlı leysan idi. Ayağımın içinə qədər, bütün suyun içində idim. 7 saata kimi o yağışda dayanmadan çəkilişlərimiz oldu. Səhərə kimi çəkiliş meydançasında olduq. Səhər sinəmi, belimi hiss etmirdim. Çox çətin alındı".

Müğənni son zamanlar baş verən ailə arası xəyanətlərdən də danışıb: "O qadının bir o qədər günahı yoxdur. Qadın ərimi öz yanına çağırmayıb ki, ərim özü gedib o qadının yanına. Ərim o qadını tərcih edirsə, o zaman onu nələr gözləyəcəyinə qatlanmalıdır. Orada sözlərə də diqqətlə dinləsəz deyilir ki, "Əlim əsə-əsə bəslədim səni". Qəlbimdə sənə elə bir taxt qurdum ki, amma sən mənə belə cavab verdin. Bu klip bir çox qadınların həyatıdır. Desəm ki, klipim mənə adiyyatı yoxdur, bu doğru çıxmaz. Yaşadığım şeylər təbii ki var. Məndən də bir neçə şeylər var. Klipdə göstəririk ki, bir qadın ərini öldürür, amma bu hər iki mənaya yozula bilər. Onu qəlbində də və cismən də öldürə bilər. Çarə qəlbdə öldürməkdir. Əgər, bir insan sənin qədr qiymətini bilmirsə, bir çarə qalır...Mənim qızıl qaydam var. Heç bir zaman geriyə dönmürəm. Qəlbimdə o hissi tamami ilə öldürə bilirəm. Mən həddindən artıq çox sevə bilərəm. Amma birdəfəlik silməyi də gözəl bacarıram. Elə bir heç olmayıb da. Həyatımda özümə qarşı yamanlıq çox görmüşəm. Kiminsə nəyinə görəsə o adamla dostluq etmirəm. İnsanlara ürəklə yanaşıram. Sonda isə onlardan özümə qarşı xəyanət görəndə izah edə bilməyəcəyim qədər pis vəziyyətdə oluram".

Açıq-saçıq səhnələrin yer aldığı klipdən narahatlıq keçirmədiyini söyləyən sənətçi izləyicilər tərəfindən gələcək bütün irad və tənqidlərə hazır olduğunu açıqladı: "Biz bu klipi çəkəndə bütün tənqid və iradlara artıq əvvəlcədən hazır idik. Hollivuddakı açıq-saçıq səhnələrə baxırlar, amma özümüzə gəldikdə hamı başlayır qılınclayıb, baltalamağa. Bu klipi sənətdən anlayan insanlar üçün çəkmişəm. Hər şeydan yozan, insanlar üçün çəkməmişəm. Sənətdən anlayan insan baxıb zövq alacaq. Hər şeyə estetik yanaşmışıq. Aşırı dərəcədə açıq-saçıqlıq yoxdur. Orada bütün ehtiraslı səhnələri də peşəkar rəqqaslar canlandırıb. Ssenarini rejisorla birgə yazmışıq və heç vaxt onun fikirlərinə müdaxilə etməmişəm".

İfaçı bildirib ki, onun çəkdirdiyi klipi oğlu rahatlıqla oturub izləyə biləcək: "Oğlumun klipi izləməyinə təbii ki, icazə verəcəyəm. Şəxsən mən özüm balacalıqdan bir çox filmləri ailəm ilə bərabər izləmişəm. Deməyiblər ki, “sənin bu qədər yaşın var, baxmaq yasaqdır”. Müəyyən yerlərdə sadəcə üzümüzü çevirirdik".

Soyuöz yayda çəkdirdiyi cəsarətli fotosessiya haqda da danışıb: "Gördüm ki, hamı yay abu-havasında fotosessiyalar edir. Fikirləşdim ki, məndə etməliyəm. Avqustun 27-si çəkilişlərə dəniz kənarında start verdik. Dəniz kənarında çəkdirdiyim açıq-saçıq fotosessiyamdan sonra bir ay sosial şəbəkə hesablarıma girmədim. Çünki mənim üçün çox çətin idi. Evdəkilər bunu normal qəbul etdilər. Onlar başqa şeylərə qiymət verirlər. Çünki valideyinlərim mənə həm maddi, həm mənəvi şəkildə dəstəkdirlər. Mənə güvən var. Bunları da sırf sənət üçün edirəm. Anam hər zaman deyir ki, “biz səni dəstəkləyirik, yetər ki, kənardan başqa şeylər eşitməyək”. Çərçivədə olan müğənni heç zaman nəyəsə nail ola bilmir. Hər şeyi əndazədə etmək lazımdır. Mən bəzi həmkarlarım kimi "kabinet"lərdə oturmağı sevmirəm. Daha çox açıq havada olmağı sevirəm. Dəniz kənarında qarşımda bir fincan kofe ilə oturub, dincəlirəm".

Sevda Bayramova