-
- 5-09-2018, 18:00
- 1 175
Azərbaycanda rüşvətxor həkim pul alarkən yaxalandı
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülarə Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Yeganə Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Xidməti otağa baxış zamanı həmin pullar, əlillik dərəcəsi və qrupunun verilməsi üçün zəruri olan sənədlər, o cümlədən epikrizlər, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.
G.Bədirova və Y.Osmanovanın özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla G.Bədirova barəsində məhkəmənin qərarı ilə həbs, Y.Osmanova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxta sənədlər əsasında əlillik dərəcəsi və qruplarının verilməsi səbəbindən qanunsuz pensiya təyinatı hallarına, habelə korrupsiya və digər bu kimi neqativ hallara qarşı bundan sonra da ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcək.