Azərbaycanda iki məmur həbs edildi - RƏSMİ
    • 11-01-2019, 16:35
    • 1 197

Azərbaycanda iki məmur həbs edildi - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Baş İdarə tərəfindən aparılmış birgə ilkin araşdırmalarla korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub. 

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və H.Allahyarov şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

//AnewsAz