Dəmir yolunda kollegiya iclası keçirildi - FOTOLAR
    • 16-01-2020, 16:32
    • 658

Dəmir yolunda kollegiya iclası keçirildi - FOTOLAR

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

News24.az xəbər verir ki, cəmiyyətin sədri Cavid Qurbanov il ərzində  dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında  çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib. Qeyd olunub ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" QSC  dövlət başçısı  İlham Əliyevin iştirakı ilə  4 mühüm layihənin təqdimatını keçirib. Prezident İlham Əliyevin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin,  dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Cavid Qurbanov Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb. Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.  

Cəmiyyətin sədri ötən il ərzində  əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, ümumilikdə yükdaşıma sahəsində 2018 – ci il ilə müqayisədə 9,1 % artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub. Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunmuşdur. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olmuşdur. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars  dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki,  bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38 % artmışdır.

Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxili və beynəlxalq istiqamətlərdə 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olmuşdur, bu isə 35,8% artım deməkdir. Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya  və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir. “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin  yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci,  indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir. Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.

Cəmiyyətin kadr potensialından danışan Cavid Qurbanov qeyd edib ki, hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfər isə “Əmək veteranı” adı verilib.

2015-ci illə müqayisədə əmək haqqı 103 % artırılaraq, 270 manatdan 549 manata qaldırılıb.

Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. 

Kollegiya iclasında cari məsələlər müzakirə edilib, qurumun  struktur bölmələrinə tapşırıqlar verilib.