Təhsil naziri olimpiada qalibləri ilə GÖRÜŞDÜ
    • 17-01-2020, 17:14
    • 811

Təhsil naziri olimpiada qalibləri ilə GÖRÜŞDÜ

Yanvarın 17-də Təhsil naziri Ceyhun Bayramov ölkəmizi yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası və XVI Beynəlxalq Jautikov Olimpiadasında uğurla təmsil edən məktəblilərlə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə Təhsil naziri Ceyhun Bayramov olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edərək bu uğurların davamlı olacağına əminliyini bildirib. Təhsil naziri müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, həmçinin son illərdə təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, məktəblilərimizin beynəlxalq səviyyədə qazandığı uğurları diqqətə çatdırıb.

Sonra nazir məktəblilərə öz tövsiyələrini verib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Görüşün sonunda olimpiada qaliblərinə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər. 

Qətərin paytaxtı Dohada keçirilən Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında isə məktəblilərimiz 4-ü gümüş, 2-si bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.