Polad Bülbüloğlu: Yanvarın 20-nə keçən gecə Bakıya sovet ordusunun müəmmalı bölmələri yeridilib
    • 20-01-2020, 22:39
    • 1 156

Polad Bülbüloğlu: Yanvarın 20-nə keçən gecə Bakıya sovet ordusunun müəmmalı bölmələri yeridilib

Düz 30 il əvvəl Sovet İttifaqında siyasi vəziyyətə nəzarəti itirən ölkə rəhbərliyi Azərbaycan paytaxtının dinc əhalisinə amansız divan tutmaq yolunu tutub və yanvarın 20-nə keçən gecə Bakıya sovet ordusunun müəmmalı bölmələri yeridilib.
News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qara Yanvarın 30-cu ildönümü ilə əlaqədar ölkəmizin Moskvadakı səfirliyi tərəfindən təşkil edilmiş matəm tədbirində söyləyib.
Səfir deyib: “Mən heç vaxt sovet ordusunda uzunsaçlı pinti əsgərlər görməmişəm. O hadisələrin xronikal kadrları qalıb. Məhz belə bir kontingent idi və bu kontingent beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş ağırlıq mərkəzi dəyişən güllələrdən istifadə edirdi. İnsanlar ağır hərbi texnikanın tırtılları altında əzilir, gözyaşardıcı qazdan istifadə olunurdu. Tanklar hətta təcili yardım maşınlarının üzərinə yeriyirdi. Həkimlər həlak olmuşdu. Bəzən deyirlər ki, respublikada sovet hakimiyyəti əleyhinə müəyyən cərəyanlar olub. Amma mən vurğulamaq istərdim ki, həmin gecə bir nəfər də siyasətçi zərər çəkmədi. Dinc insanlar, müxtəlif millətlərin nümayəndələri, o cümlədən qadınlar, uşaqlar, qocalar zərər çəkdi. İnsanların hansı prinsiplərə görə məhv edildiyini əsla başa düşmək olmur”.
Səfir o dəhşətli gecədə təpədən-dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan dinc Azərbaycan sakinlərinin müasir müstəqil Azərbaycan dövləti naminə canlarından keçdiklərini vurğulayaraq deyib: “Respublikanın o vaxtkı rəhbərlərindən fərqli olaraq, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev baş vermiş faciənin ertəsi günü – 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə öz həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, burada özünün məşhur nitqini söylədi, Sovet İttifaqının ali rəhbərliyinin Bakıya qoşun yeridilməsi qərarını qanunazidd və antidemokratik qərar adlandırdı, faciədə əli olanların hamısının layiqli cəzalandırılmasını tələb etməklə, hadisələrə ilk siyasi qiyməti verdi. Bu cəsarətli addım indi bizim sizinlə olduğumuz bu binada atılıb və burada Azərbaycan xalqının Ümumxalq Liderinin barelyefinin qoyulması onun bu qəhrəmanlığını daim xatırladacaq”.
Diplomat qeyd edib ki, uzun illər bu ağır cinayətin səbəblərinin araşdırılması istiqamətində məqsədyönlü iş aparılmayıb. Məhz ümummilli lider Heydər Əliyevin dövlətin rəhbərliyinə qayıdışından sonra ilk dəfə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. O vaxtdan etibarən bu Qanlı Yanvar günü Ümumxalq Hüzn Günü elan edilib.
P.Bülbüloğlu deyib: “Azərbaycan xalqı o dəhşətli hadisələri və o vaxtkı Sovet rəhbərliyinin çoxsaylı günahsız insanın həlak olmasına səbəb olmuş qərarlarını heç vaxt unutmayacaq. Bu gün şəhidlərin ailə üzvləri dövlət tərəfindən daimi qayğı ilə əhatə olunub, 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlığını itirmiş şəxslər isə əlillərin sosial müdafiəsi və layiqli pensiya ilə təmin olunması məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə himayəsi altındadır”.
P.Bülbüloğlu xüsusi vurğulayıb ki, Azərbaycan bu cinayəti heç vaxt bugünkü demokratik Rusiya ilə eyniləşdirməyib.