-
- 21-01-2020, 23:11
- 1 498
Fransa idmançımıza şengen vizası vermədi - yarışdan kənar qaldı
Karate millimizin aparıcı üzvlərindən olan Asiman Qurbanlının Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa yarışına yollana bilməməsinin səbəbinə aydınlıq gəlib.
News24.az xəbər verir ki, ötən il Belarusun paytaxtı Minskdə baş tutmuş II Avropa Oyunlarının qalibi olan karateçimiz Şengen vizası açdıra bilməyib. Belə ki, Fransanın Bakıdakı səfirliyi +84 kq-da çıxış edən idmançımıza məlum olmayan səbəbdən viza açmaqdan imtina edib.
Digər karateçimiz Şahin Atamov üçün isə əvvəlcədən viza üçün səfirliyə müraciət edilməyib deyə, bu çəkidə idmançımız mübarizə aparmayacaq.
Həmçinin qadın karateçilərimizdən İlahə Qasımova və Fəridə Abiyevanın millimizlə yarışa aparılan heyətdə yer almaması da təsadüfi deyil. Hər iki karateçi son yarışlarda uğursuz nəticələri ilə yadda qaldıqlarından, federasiya artıq xərc çəkib onları yarışa aparmaq istəməyib. Çünki bu idmançıların Tokio Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları olduqca azdır.
Bununla belə, əldə etdiyimiz son məlumata görə, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının bürünc mükafatçısı İlahə Qasımova şəxsi kolleksiyasında medal sayını artırmaq üçün yarışda iştirak edəcək. O, Parisə federasiya yox, öz hesabına gələcək.
/Oxuaz/