Dövlət Agentliyi Dünya İqtisadi Forumunda TƏMSİL OLUNDU - FOTO
    • 24-01-2020, 10:33
    • 4 055

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda TƏMSİL OLUNDU - FOTO

21-24 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edib. Dövlət Agentliyinin ikinci dəfə təmsil olunduğu Dünya İqtisadi Forumuna  bu il 117 ölkədən 3000 iştirakçı qatılıb.

"ASAN" xidmətdən News24.az-a verilən məlumata görə, forumda Dövlət Agentliyini Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə və EHİM-in departament rəhbəri Soltan Bayramov təmsil ediblər.
 
Dövlət Agentliyinin nümayəndə heyəti “Dünyanın rifahı naminə innovasiyaların inteqrasiyası” mövzusunda 2-ci illik Ekosistem Toplantısına qatılıb.
 
Forum çərçivəsində keçirilən görüşlərdə “ASAN xidmət”, “myGov”,  “ASAN Viza”, “e-satınalma”, “e-agro”, “INNOLAND” və digər layihələr təqdim olunub. Həmçinin müasir texnologiyaların tətbiqi, innovasiyalar və startaplara dəstək sahəsində təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, Azərbaycanın qeyd olunan layihələrinin digər ölkələrdə tətbiqi ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib. 

Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın rəqəmsal hökumət sahəsində gördüyü işlər, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında süni intellektin və digər innovativ həllərin tətbiqi haqqında da Forum iştirakçılarına məlumat verilib.

Artıq 50 ildir ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun bu ilki illik toplantısı yubiley toplantısı olaraq yadda qalıb.