-
- 6-02-2020, 17:32
- 1 194
İlham Əliyevdən Mixail Qusmana: “Yazılır: doğulduğu şəhər Bakı, Azərbaycan” - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Şərəf” ordenini təqdim edib.
News24.az-ın məlumatına görə, Mixail Qusmanı salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Mixail Solomonoviç, ilk növbədə, sizi keçmiş yubiley münasibətilə təbrik etmək, sizə ən xoş arzularımı çatdırmaq, cansağlığı, rifah, işinizdə yeni uğurlar arzulamaq istərdim. Təəssüf ki, siz yubileyinizi qeyd edəndə mən Bakıda deyildim, Davosda idim. Amma sizi telefon vasitəsilə təbrik etmək və öz hisslərimi bildirmək, eləcə də sizin Bakıda olduğunuz vaxt təltif edildiyiniz yüksək mükafatı sizə şəxsən təqdim etməyim üçün görüş haqqında razılaşmaq imkanım olub. Mən bilirəm ki, siz ad günlərinizi, xüsusilə yubileylərinizi həmişə vətəniniz Azərbaycanda qeyd edirsiniz. Bu, artıq xoş ənənədir. Bu, bir daha sizin öz Vətəninizə, doğma torpağınıza, doğma şəhərinizə bağlılığınızı göstərir. Biz sizin öz Vətəninizi necə sevdiyinizi və onu bütün dünyada necə təbliğ etdiyinizi bilirik. Sizin məşhur “Formula vlasti” verilişiniz artıq dəfələrlə bütün qitələri dolaşıb və düşünürəm ki, sizin görüşmədiyiniz prezidentlərin sayı görüşdüyünüz prezidentlərin sayından daha azdır. Əlbəttə ki, adətən, prezidentlər qonaqlarla görüşəndə onlara həmin adam haqqında məlumat verilir. “Yazılır: doğulduğu şəhər Bakı, Azərbaycan”.
Bundan başqa, mən bilirəm ki, siz həm Rusiya, həm də beynəlxalq media məkanında bizim ölkəmiz haqqında təəssüratınızı bölüşürsünüz, Azərbaycan reallıqlarını, Azərbaycanda problemlərin necə həll olunduğunu danışırsınız. Sizin fəaliyyətiniz artıq çoxdan Rusiya Federasiyasının çərçivəsindən kənara çıxaraq beynəlxalq xarakter daşıyır. Mən bilirəm ki, siz həm də dünya mediasının əməkdaşlıq prosesinin çox fəal iştirakçısısınız. O cümlədən xatırlayıram ki, sizin təşəbbüsünüzlə Bakıda rus mətbuatının konqresi və digər beynəlxalq tədbirlər keçirilib. Buna görə də məhz öz fəaliyyətinizlə ölkəmiz haqqında dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasına böyük töhfə verdiyinizə görə sizə minnətdarlığımı bildirmək istərdim.
Siz, həmçinin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Bu münasibətlər bu gün uğurla inkişaf edir, artıq ən yüksək səviyyəyə çatıb və yanvarda Bakıda keçirilən yubiley tədbirləri bunu bir daha nümayiş etdirdi. Bakıya Rusiya ictimaiyyətinin böyük nümayəndə heyəti, siyasi, informasiya, mədəni məkanın aparıcı təmsilçiləri gəlmişdilər. Mənə deyilənə görə, bütün qonaqlar buradan çox yaxşı təəssüratla gediblər. Buna görə də sizə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi işinə töhfələr verdiyiniz üçün təşəkkürümü bildirmək istərdim. Əlbəttə, belə gündə həm də sələflərinizi xatırlamaq istərdim. Azərbaycanda sizin ailənizi, valideynlərinizi həmişə sevib və çox yüksək qiymətləndiriblər, onlara böyük hörmətlə yanaşıblar. Bu yaxınlarda siz mənə atanız və ananız haqqında kitab bağışlamışdınız. Mən onu böyük maraqla oxudum. Bu, həqiqətən də nadir kitabdır. Belə ki, olduqca ürəkdən, səmimi və doğru yazılıb. Bu kitabda həm sizin ailənizin, uşaqlığınızın, həm də Azərbaycanın o dövrdəki tarixi əks olunub. Buna görə də kitab təkcə sizi tanıyanlar üçün deyil, həm də bizim şəhərimizin tarixi ilə maraqlanan hər kəs üçün çox maraqlıdır. Əlbəttə, belə ziyalı və möhtərəm ailədə sizin və böyük qardaşınız Yuli Solomonoviç kimi, - onun neçə yaşı olsa da, o, hamımız üçün elə Yulikdir, - uşaqların doğulması təsadüfi deyil. O da elə sizin kimi, kiminlə ünsiyyət saxlayırsa, öz enerjisini onlara ötürür. Siz və Yuli Solomonoviç işinizdə, ictimai fəaliyyətinizdə böyük uğurlar qazanmısınız. Bununla da siz təkcə hamının tanıdığı insanlar deyil, həm də hörmətli insanlarsınız. Düşünürəm ki, yəqin sizə rəğbət bəsləməyən insan tapılmaz. Siz, Mixail Solomonoviç, bütün bunlara öz əməyinizlə, öz fəaliyyətinizlə, davranışınızla və əlbəttə, öz xasiyyətinizlə nail olmusunuz. Bu gün sizinlə belə yarırəsmi şəraitdə görüşmək mənim üçün çox xoşdur. Bizim görüşlərimiz həmişə elə bil mediadan kənarda baş tutur. Amma bu gün - belə bir gündə, əlbəttə, mən sizi təbrik etmək və həmçinin Azərbaycan dövlətinin sizin fəaliyyətinizi çox qiymətləndirdiyini qeyd etmək istərdim. Bu, mənim sizi təltif etdiyim üçüncü mükafatdır. İndiyə qədər “Şöhrət”, sonra “Dostluq” ordenləri olub. İndi isə daha yüksək - “Şərəf” ordeninə layiq görülmüsünüz. İcazə verin, bu yüksək mükafatı təqdim edim.
****
11:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Şərəf” ordenini təqdim edib.
News24.az xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb