"Jalə ölümdən dönüb, əvvəl boğulub, sonra sürüdülüb" - Qubad İbadoğlunun qızını seçki məntəqəsində döydülər
    • 14-02-2020, 23:28
    • 1 430

"Jalə ölümdən dönüb, əvvəl boğulub, sonra sürüdülüb" - Qubad İbadoğlunun qızını seçki məntəqəsində döydülər

Xəbər verdiyimiz kimi, iqtisadçı ekspert Qubad İbadoğlunun qızı Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasının məntəqələrindən birində səsvermə zamanı bir qadın tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülər yayılmışdı.


News24.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkədə bu fikirləri paylaşıb:


"Dostlar, təqdim etdiyim video kadrlardan gördüyünüz kimi Jalə ölümdən dönüb, əvvəl boğulub, sonra sürüdülüb. O, Bakıda yenidən həkim müayinəsindən keçib, beyin sirkələnməsi var, başında ağrılar davam edir, müalicəsi davam edir.


Qızım ora gedəndə orda  nələr ola  biləcəyini mən bilməmiş deyildim. Amma qarşısını almadım, çünki başqalarına rəva bildiyimi övladıma da bildim. Hesab edirəm ki, Jalə həmin günü seçki məntəqələrində təzyiqə və şiddətə məruz qalan yüzlərlə gənclərdən biridir, sadəcə ona mənə görə daha çox şiddət göstəriblər. 


Baş verənləri kənardan izləmək bir ata kimi mənə ağırdır, çox ağırdır.  ABŞ-da olduğum üçün əlim heç kimə çatmır. Odur ki, sizin dəstəyinizə  ehtiyacım  daha çoxdur. Həmrəyliyinizi yüksək qiymətləndirirəm.  Hesab edirəm ki, biz  bu hadisənin sonadək araşdırılıb, günahkarların cəzalandırılmasına nail olmadan susmalı deyilik".