“UTİS-ə səhv məlumat verən təhsil müəssisəsi cəzalandırılacaq”- Nərgiz Səfərova
    • 15-02-2020, 15:17
    • 3 287

“UTİS-ə səhv məlumat verən təhsil müəssisəsi cəzalandırılacaq”- Nərgiz Səfərova

Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (UTİS) verilən məlumatlar düzgün olmasa, həmin təhsil müəsissəsi cəzalandırılacaq. 

News24.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib. 

Onun sözlərinə görə, yerlərdə təhsil müəssisələri UTİS-ə ikinci iş kimi baxırlar: “Orda olan məlumatların dolğun və düzgün olmasının vacibliyini anlamırlar. Məlumatlar dəqiq olmalıdır, məsələn səhv edilsə, bu kiminsə əmək haqqı ödənildiyi zaman ortaya çıxacaq”. 

N.Səfərova qeyd edir ki, UTİS-də bütün statistik məlumatlar toplanıb: Bu sistem 3 əsas bölmədən ibarətdir. Şagirdlər, müəllilmlər heyəti, müəssisələr. 2015-ci ilə bu sistem ilk tətbiq olunanda məlumatlar əllə daxil edilirdi. Amma illər keçdikcə sistem təkmilləşdirilib, məlumatların köhnə qayda ilə yerləşdirilməsi minimuma endirilib, indi texniki baxımdan daha müasir, çevik proqramla məlumatlar oraya inteqrasiya olur. Məsələn, birinci sinfə qəbul, şagirdlərin yerdəyişməsi ilə bağlı və digər məlumatlar bu sistemdə yer alıb”.  

N.Səfərova onu da əlavə edib ki, bu il UTİS-ə yeni sistemlər də qoşulacaq: “Problemlər çoxdur bu sahədə, ən əsası isə peşəkar kadrların bu işdə çalışmasına  nail olmaqdır. Biz çox çalışdıq ki, maarifləndirmə yolu ilə məlumatlandıraq. Amma yerlərdə təhsil işçiləri anlamadığına görə, məcburuq digər üsullara əl ataq. 

Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssisələrində yoxlamalar aparılacaq. Bu ildən etibartən UTİS-də hər hansı məlumat səhv olduğu təqdirdə həmin şəxslər məsuliyyətə cəlb olubnacaq və ya tənbeh ediləcəklər. Biz bunu etməliyik, çünki sistemlər arasında bağlılıq olduğuna görə, burda məlumatlar dürüst olmalıdır., Təsəvvür edin, əgər bunun qarşısını almasaq, hansısa müəllim əmək haqqısını düzgün almaya bilər. Yaxud uşaq Dövlət İmtahan Mərkəzinə məlumatlar ötürəndə onun qiymətləri səhv göstərilə bilər”.  

Afaq Mirayiq