Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA
    • 11-09-2018, 20:30
    • 980

Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA

Azərbaycana gələn səkkiz min ərəb turistin QİÇS-ə tutulması həqiqəti əks etdirmir.
Bunu açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.
Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb:
“Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Bu, necə ola bilər? Bu cür statistik rəqəmləri nəyə əsaslanıb, yayırlar, bilinmir. Rəqəmlərin haradan götürülməsi, nə dərəcədə düzgün olması araşdırılmayıb. Kimin ağlına nə gəlir, onu da deyir”.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə isə bildirib ki, ərəb bloqerin iddia etdiyi rəqəmlər fakta əsaslanmır:
“Həmin bloqerin çəkdiyi görüntüləri hər bir şəxs digər ölkələrdə də çəkə bilər. Hər bir ölkədə gənclər gecə klublarına gedir, əylənirlər. Bu barədə çəkilişlər etmək olar. Heç bir fakta əsaslanmadan mənbəyi bilinməyən rəqəmlər səsləndirir. Həmin bazarlarda aktiv marketinq işlərinə başlayırıq. Bu məsələdə xüsusi şərhə ehtiyac yoxdur. Ali Əthab adlı bloqerin peşəkarlıq səviyyəsi nədirsə, onu da ortaya qoyub”.
Qeyd edək ki, ərəb bloqer Ali Əthab Azərbaycana gələn turistlərin həyat tərzi haqqında videoreportaj hazırlayıb. 
Reportajda Bakıya gələn ərəblərin gecə həyatı, onların klublara getməsi, yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olmaları barədə məlumatlar yer alıb. 
Bloqer qeyd edib ki, səkkiz min ərəb Bakıda QİÇS xəstəliyinə yoluxub.
//oxu.az