Britaniya səfiri Qubada - FOTO
    • 24-02-2020, 15:34
    • 867

Britaniya səfiri Qubada - FOTO

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp şimal bölgəsinə səfər edib.

News24.az xəbər verir ki, səfər çərçivəsində ilk olaraq Qubaya gələn diplomat rayon icra başçısı ilə görüşüb. İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. İcra başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Görüşdə Böyük Britaniya-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyi, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğu diqqətə çatdırılıb.

Görüşdən sonra Ceyms Şarp Qədim Quba xalçaçılıq müəssisəsinin fəaliyyəti ilə tanış olub. Burada ona Qubanın qədim xalçaçılıq ənənələri haqda geniş məlumat verilib. Böyük Britaniyalı diplomat Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Qonağın diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb.

Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Sonda səfir dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə baş çəkib. Burada ona bildirilib ki, Qubada etnik, mədəni və dini müxtəlifliyi olan azsaylı xalqlar uzun illərdir sülh şəraitində birgə yaşayır. Qeyd edək ki, şimal bölgəsinə səfəri çərçivəsində Ceyms Şarp sabah Qusar rayonunda olacaq.