AFFA-dan kütləvi dava ilə bağlı cəzalar
    • 25-02-2020, 22:43
    • 2 215

AFFA-dan kütləvi dava ilə bağlı cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

News24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra U-15 Liqasında keçirilən “Qarabağ”- “Sabah” oyununda baş verənlərlə bağlı aşağıdakı qərarlar verilib:

U-15 Liqasının “Qarabağ” - “Sabah” oyununun final fitindən sonra “Qarabağ”ın oyunçusu İbrahim Hacı və “Sabah”ın oyunçusu Əmirxan Qurbanov arasında dava baş verib. Daha sonra bu dava futbolçular arasında kütləvi hal alıb və “Qarabağ”dan Ramin Vəliyev, Nihad Abbasov, eləcə də “Sabah”dan Hüseyn Yusubov, Ramiz Bağırov, Rüfət Tahirov da iştirakçıya çevrilib.

Bu səbəbdən adları qeyd edilən futbolçuların hər biri 6 oyun cəzalandırılıb. Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi dava-dalaşda iştirak etməsi səbəbindən “Qarabağ”a 1 oyunu azarkeşsiz keçirmək cəzası verilib. Eyni zamanda, məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək.