Yardımlıda ata və oğlunu yaxın qohumu QƏTLƏ YETİRDİ
    • 27-02-2020, 18:28
    • 1 147

Yardımlıda ata və oğlunu yaxın qohumu QƏTLƏ YETİRDİ

Fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıblar.

Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nurəddin Kərimov saxlanılmış, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.