Övladlığagötürmə ilə bağlı yeni altsistemin TƏQDİMATI OLDU
    • 3-03-2020, 11:15
    • 633

Övladlığagötürmə ilə bağlı yeni altsistemin TƏQDİMATI OLDU

DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı olub.

News24.az xənər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanının icrası olaraq, övladlığagötürmə sahəsində müasir və innovativ, şəffaf və operativ idarəetmənin qurulması istiqamətində nazirlik tərəfindən aparılan işləri qeyd edib.

O bildirib ki, bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüququ aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb. Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib. 

Nazir müavini “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələrinin yaradıldığını deyib.

A.Kərimov qeyd edib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir. Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub. Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək.

Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub. 

Nazir müavini eyni zamanda, övladlığagötürmə sahəsində idarəetmənin e-texnologiyalar üzərində aparılacağını deyib. Bildirib ki, bu gün təqdim edilən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək və altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir.

Sonra yeni altsistem, onun funksional imkanları barədə təqdimat edilib. 

Bildirilib ki, övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq. Bu da övladlığagötürmə sahəsində idarəetmənin obyektiv və şəffaf, çevik həyata keçirilməsinə şərait yaradır. Qanunvericilikdə nəzərdə tutulan qurumlar valideyn himayəsindən məhrum olmuş uşağı aşkar etdikdən sonra bu barədə məlumatları altsistemə 24 saat ərzində daxil etməlidir. Məlumatlar daxil edildiyi gündən həmin uşaq vahid uçota alınır.

O da qeyd edilib ki, valideyn-namizəd şəxsi kabinetindən altsistemin qiymətləndirmə bölməsinə daxil olaraq müvafiq məlumatları daxil etməklə, övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə də bilər.

Afaq Mirayiq