"Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur" - RƏSMİ
    • 5-03-2020, 10:30
    • 784

"Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur" - RƏSMİ

Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılıb.

Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur. Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur.

Həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur. Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər.

Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) həm də bütün təhsil müəssisələrinə aiddir.

Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanmışdır. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin  sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılmışdır.