Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7%-i qadınlardır
    • 6-03-2020, 14:13
    • 800

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7%-i qadınlardır

Bu ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1%-i qadınlar təşkil edib, onların da 52,1% nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8%-i qız uşaqlarının payına düşüb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, qadınların sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2% təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7%, orta ixtisas təhsil müəssisələrində 78,9%, ali təhsil müəssisələrində 54,7%, həkimlərin isə 66%-i qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7%, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1%, ali təhsil müəssisələrinin tələbələrinin 48,8% qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 58,2%-ni qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən, 28,5%, sahibkarlar arasında isə 21,7%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6% qadınlardır.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.