Banklardakı növbələrə görə iş rejimi bir saat uzadıldı
    • 11-03-2020, 23:33
    • 978

Banklardakı növbələrə görə iş rejimi bir saat uzadıldı

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib.

News24.az xəbər verir ki, müşavirədə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərginlik və bu sahədə mövcud vəziyyətə dair məlumat verib.

E.Rüstəmov Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirərək, bu gün ölkəmizin belə çağırışlara tam hazır olduğunu vurğulayıb:

“Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib”.

Baş Nazirin “Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və “Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır.

"Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib. Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik.

Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcəkdir", - deyə AMB sədri vurğulayıb.