Xaricdə keçirilən təntənəli tədbirlərdə Dövlət Himninin ifa qaydası MÜƏYYƏNLƏŞDİ
    • 1-04-2020, 23:16
    • 744

Xaricdə keçirilən təntənəli tədbirlərdə Dövlət Himninin ifa qaydası MÜƏYYƏNLƏŞDİ

Nazirlər Kabineti “Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası”nı təsdiqləyib.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas qaydaları”na və bu Qaydaya uyğun həyata keçirilir.

 Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı ifa edilən Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununa uyğun olmalıdır. Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının  keçirdiyi Azərbaycan Respublikasının bayramlarına, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrə həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən) ifa edilir.

Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərin açılışında, qəbul edən dövlətin Dövlət Himnindən sonra ifa edilir.  Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.  Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin və musiqisinin təhrifinə yol verilmir.  Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda ifa edilərkən, səsin təzyiqi (səviyyəsi) müvafiq xarici dövlətin qanunvericiliyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insane sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət  Himni ifa edildikdə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilərkən, sağlamlıq imkanları məhdud olanlar, bu Qaydada  göstərilən tələblərin həyata keçirilməsi çətin olduğu halda həmin tələblərə riayət etməyə bilərlər.