"Virtual məktəb" layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq- Təhsil İnstitutu
    • 3-04-2020, 14:17
    • 1 754

"Virtual məktəb" layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq- Təhsil İnstitutu

"Virtual məktəb" layihəsinə bu və ya digər obyektiv səbəbdən hazırda qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır, onların hansısa şəkildə bu layihəyə qoşulmasına məcbur edilməsindən və ya cəzalandırılmasından söhbət gedə bilməz.

Bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun şöbə müdiri Kənan Kərimli deyib.
Məlum olduğu kimi, bu gündən Təhsil Nazirliyinin bütün ölkə ərazisini əhatə edən yeni "Virtual məktəb" layihəsinə qeydiyyat başladı.
Onun sözlərinə görə, qeydiyyatdan istənilən vaxt keçmək olar, əlavə vaxt və ya saat məhdudiyyəti müəyyən edilməyib.
K.Kərimli əlavə edib ki, ölkənin bütün ərazisinə yayımlanan "Teledərslər"lə yanaşı, "Virtual məktəb" layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris almaq üçün əlavə bir imkandır:

"Virtual məktəb" layihəsi əsasında ənənəvi məktəbdaxili qiymətləndirmə aparılmayacaq. Bu layihə şagirdlərə əsasən özünü qiymətləndirmə alətlərini, müəllim və sinif yoldaşları ilə interaktiv əlaqə qurmağı və bir sıra digər yeni imkanları təqdim edəcək".

K.Kərimli deyib ki, "Virtual məktəb" layihəsi müəllimlər tərəfindən mart ayının əvvəlindən müxtəlif proqram təminatları üzərindən fərdi şəkildə apardığı onlayn dərsləri istisna və ya qadağa etmir, sadəcə vahid platforma üzərindən daha geniş imkanlar verir. /Trend/