Mübariz Qurbanlı Əjdər Tağıoğlunun müraciətini cavablandırdı
    • 8-04-2020, 14:50
    • 674

Mübariz Qurbanlı Əjdər Tağıoğlunun müraciətini cavablandırdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri professor Əjdər Tağıoğlunun (İsmayılov) ona ünvanladığı müraciətini cavablandırıb.

News24.az-a məktubun mətnini təqdim edir:

Hörmətli Əjdər müəllim,

Sizin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi mənə ünvanlanmış müraciətinizi vətənpərvər və humanist Azərbaycan ziyalısının səmimi mövqeyi kimi yüksək qiymətləndirir və təqdir edirəm.

Öncə onu bildirmək istəyirəm ki, bu gün Azərbaycanı Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu uğurlu yolla daim irəli aparan Prezidentimiz cənab İlham Əliyev koronavirus epidemiyasının yayıldığı ilk dövrlərdən etibarən uzaqgörənlik və müdriklik nümayiş etdirərək ölkəmiz üçün qəti və ciddi qərarlar qəbul etmişdir. Həmin qərarların nəticəsidir ki, bu gün Azərbaycan koronavirus epidemiyası ilə mübarizədə nümunəvi ölkə kimi qəbul edilmiş və hökumətimizin bu istiqamətdəki fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilmişdir.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyalar, onların rəhbərləri, dini icmalar, din xadimləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu ilk gündən ölkə Prezidentinin qətiyyətli çağırışlarına qoşulmuşlar. Eyni zamanda müxtəlif dini konfessiyaların liderlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin, din xadimlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsində keçirilmiş toplantıda din xadimlərinə və dindarlara müraciət edilərək, onlara ölkədə təşkil olunan xeyriyyə aksiyalarında, ümumiyyətlə cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunmasında aktiv iştirak etmələri tövsiyə olunmuşdur. Bunun nəticəsidir ki, möhtərəm Prezidentimizin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dini icmalar, ziyarətgahlar, din xadimləri, müxtəlif konfessiyalar, o cümlədən sadə dindarlar, eləcə də Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun, habelə Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları könüllü ianələr köçürmüşlər. Onu da qeyd edim ki, bu prosesə müxtəlif qurumlar, xeyriyyəçi insanlar da qoşulmuşdur və hazırda uğurla davam etməkdədir.

Hər il minlərlə dindar vətəndaşımız xarici ölkələrdəki müqəddəs məkanları ziyarət edirlər. Bu il də həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insanlarımız var. Amma əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb. Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: "Qonşusu ac ikən özü tox yatan bizdən deyildir" – buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər.

Hörmətli Əjdər müəllim, Bir daha səmimi müraciətinizə görə Sizə dərin təşəkkürümü bildirir, möhtərəm Prezidentimizin rəhbərliyi altında dövlətimizin bu sınaqdan da uğurla çıxacağına əminliyimi ifadə edirəm.

Hörmətlə,

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri