Bakıda şok olay: qadın bıçaqlı kişini zərərsizləşdirdi
    • 21-09-2018, 00:09
    • 956

Bakıda şok olay: qadın bıçaqlı kişini zərərsizləşdirdi

Bakıda qadının evinə basqın etməkdə və onu öldürməyə cəhd göstərməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Sahib Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"News24.Az" teleqraf.com-a istinadən bildirir ki, Sahib Zülfüqarov 9 mart 2014-cü il tarixdə, saat 00.05-d Pəri Rzaxanovanın Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 30 saylı binanın 1-ci girişinə tək daxil olduğunu görüb. Sahib Zülfüqarov qadının üzərində olan zinət əşyalarını ələ keçirmək məqsədilə onun arxasınca gedib. O, 1-ci mərtəbənin pilləkən meydançasında bıçaqla qəflətən Pəriyə hücum edib.

Həmin vaxt Sahib Pərinin boğaz və sinə nahiyələrinə bir neçə dəfə bıçaqla vurmağa cəhd göstərib. Amma Pərinin özünü aktiv müdafiə etməsi və qışqırması səbəbindən Sahib cinayət əməlini başa çatdıra bilməyib.
"Blokda nə baş verdiyini xatırlamamışam"

İstintaq orqanı tərəfindən Sahib Zülfüqarov Cinayət Məcəlləsinin 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib Zülfüqarov bildirib ki, martın 8-də, gecə saatlarında Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində gəzərkən əlində torbalar və mobil telefon olan, əvvəllər tanımadığı, adını isə sonradan öyrəndiyi Pərinin həmin küçədə yerləşən 30 saylı binanın blokuna daxil olduğunu görüb: "Bu zaman sərxoş vəziyyətdə olduğumdan özümdən asılı olmayaraq, Pərinin arxası ilə bloka daxil oldum. Lakin sonradan həmin blokda nə baş verdiyini xatırlamamışam".

"Pəri bir gün əvvəl məni gördü"

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra, sentyabrın 20-də taksi fəaliyyəti ilə məşğul olduğu avtomobillə "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb və Nərimanov rayon Polis İdarəsinə dəvət ediblər: "Həmin vaxt etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə idarəyə getdik. Orada Pərinin bir gün əvvəl "Nəriman Nərimanov" metrostansiyasının yanından keçərkən məni görərək tanıdığını və polis idarəsinə gələrək şikayət etdiyini dedilər. Bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Pərinin yaşadığı blokda quraşdırılmış kameranın 9 mart 2014-cü il tarixdə, saat 00.05-də qeydə aldığı videogörüntülər mənə göstərildi. Görüntülərə baxdıqdan sonra isə həmin tarixdə Pərinin arxası ilə bloka daxil olaraq bıçaqla onun üzərinə getməyim, Pərinin əlimdən tutduqdan sonra əlbəyaxa olaraq birlikdə yerə yıxılmağmız və bundan sonra ayağa qalxaraq bıçağı götürərək, oradan uzaqlaşmağım mənə məlum oldu".

"Ola bilsin ki, hücum etmişəm"

Sahib Zülfüqarovun sözlərinə görə, sərxoş vəziyyətdə olduğundan hadisənin necə baş verdiyinixatırlamayıb: "Ola bilsin ki, həmin vaxt Pərinin əlində olan əşyaları almaq üçün ona hücum etmişəm. Hadisənin baş verməsini kamera görüntülərinə baxdıqdan sonra bilmişəm. Ümumiyyətlə, daima spirtli içki içərkən özümü itirmişəm, hərəkətlərimi və dediklərimi xatırlamamışam. Yol verdiyim hərəkətləri özüm bilmədən və mahiyyətini başa düşmədən etmişəm. Hadisə zamanı istifadə etdiyim bıçağı haradan əldə etməyim və hadisədən sonra onu harada qoyduöumu xatırlamamışam. Yəqin ki, bıçağı haradasa tullamışam".

"Sifariş almamışam"

Sahib Zülfüqarov bildirib ki, Pəri adlı şəxsi qətiyyən tanımayıb: "Onun atasının əmlakının qanunsuz olaraq özəlləşdirilməsi barədə heç bir məlumatım olmayıb. Ona hücum etmək üçün heç kimdən sifariş almamışam. Niyyətim onu öldürməyə yönəlmiş hər hansı bir hərəkət olmayıb".

"Uzun müddətli çəkişmədən sonra..."

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Pəri Rzaxanova qeyd edib ki, Sovet İttifaqı dönəmində atası uzun müddət, yəni 1962-ci il tarixdən 1997-ci il tarixədək Quba süd emalı zavodunun mexaniki və "partkomu" vəzifələrində işləyib: "1997-ci il tarixdə zavod özəlləşməyə gedərkən 19 nəfər payçıdan biri atam olub. Atam həmin zavoda səhm qoyub. Zavodun özəlləşməsi ilə əvvəllər atam, sonradan isə oğlum məşğul olub. Lakin qəfələtən bir nəfər ortaya çıxaraq zavodun hissəslərini alıb, bizə də öz paylarımizi satmağı təkidlə tələb edib. Biz bununla razılaşmadıq. Həmin tərəf bununla bağlı məhkəməyə müraciət etdi. Uzun müddətli çəkişmədən sonra məhkəmə bizim xeyrimizə qərar qəbul etdi".

"Gözdən uzaq dayanmışam"

Pəri Rzaxanova bildirib ki, məhkəmə prosesləri gedişində ailə üzvlərinə qarşı sui-qəsd təşkil olunacağını güman etdiklərindən bir neçə dəfə iş yerini dəyişib, daha sonra restoranların birində soyuq qəlyanaltı düzəltməklə məşğul olmağa başlayıb: "Çünki həmin işdə insanlarla ünsiyyətdə olmayaraq gözdən uzaq dayanmışam. Restoranda işlədiyim müddətdə evə gecə saatlarında gəlmişəm".

"Bıçağı boğazıma doğru atdı"

Zərərçəkmişin sözlərinə görə, martın 8-dən 9-na keçən gecə, saat 00.05-də işdən evə gəlib və yaşadığı mənzilin yerləşdiyi bloka daxil olaraq pilləkənlə yuxarı qalxmaq istəyən zaman kiminsə arxasınca tələsik gəldiyini hiss edib: "Buna görə də pilləkənin kənarında dayandım, gələn adamın keçməsi üçün qapıya tərəf çəkildim. Əvəllər tanımadığım həmin şəxs, yəni Sahib qəflətən üstümə hücum edərək, cibindən çıxardığı bıçağı boğazıma doğru itələdi. Əlimdə mobil telefon, qollarımda isə paketlər vardı. Mən əlimlə bıçağın tiyəsindən tutdum və Sahibi özümdən uzaqlaşdırmaq istədim. Sahib isə biləyimi tutaraq bıçağı ürəyimə və boğazıma doğru atdı".

"Bıçağı götürərək qaçdı"

Pəri Rzaxanova qeyd edib k, həmin vaxt Sahibdən kim olduğunu soruşum: "Amma Sahib qətiyyən danışmadı və bir neçə saniyə aramızda dartışma oldu. Bu zaman dizim ilə Sahibin qarnının aşağı hissəsindən vurdum. Sahib sancılanaraq əyildi. Sonra səs-küy saldım. Bu zaman Sahib üstümə atılaraq yenə də məni vurmaq istədi. Amma təpiklə vuraraq Sahibi özümdən uzaqlaşdırdım. Sahib səndələyərək kənara çəkildi və bıçağı yerdən götürərək, oradan qaçdı".

"Polis idarəsinə apardılar"

Zərərçəkmiş bildirib ki, bundan sonra yaşadığı mənzilinə doğru yuxarı qalxarkən bacısına zəng vurub və baş verən olay barədə məlumat verib: "Daha sonra isə zəng edərək polisə və təcili tibbi yardım stansiyasına hadisə barədə məlumat verdik. Bununla bağlı Nərimanov rayon Polis İdarəsində bir neçə ay araşdırma aparılsa da, polis hücum edən şəxsin kimliyini müəyyən edə bilmədi. Şəxsən özüm də polislərlə birlikdə blokda quraşdırılmış kameraların görüntülərini çıxararaq baxdıq. Bundan bir neçə ay sonra "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında olarkən taksilər dayanan yerdə təsadüfən Sahibi gördüm. Onun mənə hücum edən şəxs olduğunu bildim. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, bu barədə məlumat versəm də, gələn olmadı. Növbəti gün isə bu barədə polisə məlumat verdim. Polis əməkdaşları gələrək Sahibi polis idarəsinə apardılar".

"Hədə-qorxu gələn şəxsləri düşündüm"

Pəri Rzaxanova qeyd edib ki, daha sonra Sahibin ardınca anası və taksi şirkətinin müdiri olan bir nəfər şəxs idarəyə gəlib: "Həmin vaxt Sahib ilkin olaraq mənə hücum etmədiyini desə də, diskə baxandan sonra məcburən hadisəni etiraf etdi. Hətta söhbət zamanı Sahib heç kimi satmayacağını bildirdi. Həmin vaxt anası Sahibə "sən tutulsan da, yetimlərinə mən özüm baxaram" dedi. Bu səbəbdən Sahibin məni məqsədli şəkildə sifarişlə öldürməyə cəhd etməsindən şübhələndim. Bu işdə Sahibin anasının da rolunun olduğunu, işin başında isə dəfələrlə onlara hədə-qorxu gələn digər şəxslərin dayandığını düşündüm".

Bəraət və cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Zülfüqarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.11-ci maddəsi sübuta yetirilməyib.

Məhkəmə həmin maddə üzrə Sahib Zülfüqarova bəraət verib. O, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib və ona 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Sahib Zülfüqarovun Cinayət Məcəlləsinin 29,120.2.11-ci maddəsi ilə təqsirli bilinib və ona həmin maddə ilə ən yuxarı həddə cəza verilməsini istəyib.
Zərərçəkmiş Pəri Rzaxanova da birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Sahib Zülfüqarovun yuxarı həddə cəza almasını tələb edib.

Hökmdən narazı qalan Sahib Zülfüqarov da apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsüf edilməsini xahiş edib.

Tərəflərin şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər apelyasiya protesti və şikayətlərinin dəlillərini araşdırandan sonra qərar açıqlayıblar. Qərara görə, prokurorun protesti, zərərçəkmiş və məhkumun şikayəti təmin edilməyib.

Bundan sonra tərəflər Ali Məhkəməyə müraciət ediblər. Yuxarı instansiya məhkəməsində şikayəti hakim Gülzar Rzayeva araşdırıb. Hakim prokurorun kasasiya protestini, zərərçəkmiş və məhkumun kasasiya şikayətlərini təmin etməyib.

News24.az