Əbülfəs Qarayev vətəndaşların videoqəbulunu keçirdi
    • 9-04-2020, 15:27
    • 854

Əbülfəs Qarayev vətəndaşların videoqəbulunu keçirdi

Aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, videoqəbulda nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin Aparat rəhbəri Fikrət Babayev, regional idarələrin rəisləri və nazirliyin digər məsul əməkdaşları iştirak edib.

Ə.Qarayev əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronovirusla mübarizədə qətiyyətli addımlar atılır və ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.