İlham Əliyev Arif İsmayılzadənin vəfatı ilə bağlı NEKROLOQ İMZALADI
    • 10-04-2020, 18:30
    • 834

İlham Əliyev Arif İsmayılzadənin vəfatı ilə bağlı NEKROLOQ İMZALADI

Azərbaycan Prezidenti İlham Əliyev Əməkdar elm xadimi Arif İsmayılzadənin vəfatı ilə  bağlı nekroloq imzalayıb.

News24.az-ın məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Geologiya sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru Arif İsmayılzadə 2020-ci il aprelin 9-da ömrünün 83-cü ilində vəfat etmişdir.
Arif Cəfər oğlu İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1954–1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsində mühəndis-geoloq ixtisası üzrə ali təhsil almış, 1962–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda laborant kimi başlayan Arif İsmayılzadə 1965–1978-ci illərdə İnstitutun petrologiya laboratoriyasında kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1978–1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının “Geofizika” Elmi Mərkəzinin petromaqnetizm laboratoriyasının, 1982–1998-ci illərdə Akademiyanın Geologiya İnstitutunun dərinlik maqmatik prosesləri laboratoriyasının, 1998-ci ildən Geologiya və Geofizika İnstitutunun petrologiya və metallogeniya seksiyasının rəhbəri vəzifələrində işləmiş, 2007–2013-cü illərdə isə Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi olmuşdur.

Arif İsmayılzadə 1968-ci ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik və 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir.

Akademik Arif İsmayılzadə respublikada geologiya elminin inkişafına dəyərli töhfələr vermiş alimlərdəndir. Onun aktual geoloji problemləri əhatə edən, metallogeniya və petrologiya elmləri üzrə tədqiqatlarında yerin dərinliklərində baş verən proseslərin modelləşdirilməsi və filiz-maqmatik sistemlərin formalaşma qanunauyğunluğunun öyrənilməsi aparıcı yer tutur. Bu tədqiqatlar Kiçik Qafqazın inkişafının müxtəlif mərhələlərində Yer qabığı və mantiyanın qarşılıqlı təsirinin spesifikasını müəyyənləşdirməyə və metamorfik dəyişmə ardıcıllığını üzə çıxarmağa imkan vermişdir. Arif İsmayılzadə elmi fəaliyyətində regionun geodinamikasının tədqiqinə, filiz və neftəmələgəlmə proseslərinin vəhdəti məsələlərinə də xüsusi diqqət yetirmişdir.

Arif İsmayılzadənin uzunmüddətli araşdırmalarının nəticələri 170-dən artıq elmi məqalədə, məruzə və monoqrafiyalarda dolğun əksini tapmışdır. Səkkizcildlik fundamental “Azərbaycan geologiyası” əsərinin maqmatizm, tektonika və faydalı qazıntılara dair cildləri alimin sanballı tədqiqatları sırasında mühüm əhəmiyyətə malikdir. Arif İsmayılzadə Azərbaycan elmini dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və konqreslərdəki çıxışları ilə layiqincə təmsil etmişdir. Bakı Dövlət Universitetinin geologiya fakültəsinin faydalı qazıntılar kafedrasında ixtisas fənlərini tədris etmiş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük əməyi vardır.

Akademik Arif İsmayılzadənin Azərbaycan elminin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Alim respublikanın Əməkdar geoloqu və Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış tədqiqatçı alim, səmimi insan Arif Cəfər oğlu İsmayılzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. 
Allah rəhmət eləsin!"