Azərbaycanda xüsusi karantin rejimi mayın 4-nə qədər UZADILDI
    • 18-04-2020, 20:02
    • 1 007

Azərbaycanda xüsusi karantin rejimi mayın 4-nə qədər UZADILDI

Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxmuş, 146 min 88 nəfər vəfat etmişdir.

Nazirlər Kabinetindən News24.az-a verilən məlumata görə, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, 20 aprel 2020-ci il tarixədək isə xüsusi karantin rejimi elan edilmişdir.

COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilmiş, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilmiş, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılmışdır. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyetləri karantin məqsədi ilə ayrılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılmış, eləcə də mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdır. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılmışdır.

Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunmuş, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilmiş, burada müalicə-profilaktika işləri həyata keçirilmiş, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrılmışdır. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirmiş və koronavirusla mürabizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini vermişdir. Ölkəmiz üçün bu həssas məqamdakı birlik sayəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanmış, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilmiş, xaricdən xəstəliyin idxalının qarşısı alınmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altına alınmış, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunmuşdur.

Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 28 fevral 2020-ci il tarixdən bugünədək 1373 nəfər bu xəstəliyə tutulmuş, 590 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmişdir. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılmışdır.

Ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılmışdır.

Bu baxımdan xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılır. Bununla belə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edir, qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir şəxsi karantin rejimi qaydalarına və Operativ Qərargahın tələblərinə əməl etməyə çağırırıq. Müvafiq dövlət qurumlarına, o cümlədən COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edirik.