AQTA-dan fermerlərə COVID-19 XƏBƏRDARLIĞI
    • 25-04-2020, 13:50
    • 732

AQTA-dan fermerlərə COVID-19 XƏBƏRDARLIĞI

Fermerlər COVID-19 virusundan qorunmaq üçün bəzi qaydalara əməl etməlidirlər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən News24.az-a verilən məlumata görə, qurum tövsiyə edir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları gübrə və kimyəvi vasitələrdən istifadədə, budama, alaqlama zamanı sanitar- gigiyena qaydalarına ciddi riayət etməlidirlər. 

Təsərrüfatda çalışan digər şəxslərlə azı 2 metrlik məsafə saxlanmalıdır. Xəstəlik simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır. Təsərrüfatda işə başlamazdan əvvəl və sonra əllər 20 saniyə sabunlanaraq axar su altında yuyulmalıdır. Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün iş prosesi zamanı əllərin spirt tərkibli antiseptik vasitə ilə təmizlənməsi vacibdir. Çirkli əllərlə ağız, burun və gözlərə toxunmaq olmaz. Bununla yanaşı xüsusilə, heyvandarlıq sahəsində çalışan şəxslər fərdi mühafizə vasitələri ilə təchiz edilməli, maska taxmalıdırlar. İş paltarını, qoruyucu əlcək və maskanı, eləcə də  boşqab, stəkan, dəsmal və bu kimi digər əşyaları başqaları ilə qətiyyən ortaq istifadə etməməlidirlər. Xatırladaq ki, istifadə edilən maska və əlcək gigiyena qaydalarına uyğun çıxarılmalı və dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər spirt məhlulu ilə təmizlənməli və ya sabunla yuyulmalıdır. İş prosesində geyinilmiş paltarı isə mütləq 60°-də yuyucu vasitələrlə yumaq lazımdır.

Heyvandarlıq təsərrüfatlarında çalışan, istərsə də şəxsi istehlakı üçün məhsul istehsal edən maldarlıq təsərrüfatında işləyən şəxslər xüsusi geyim və ayaqqabıda olmalıdırlar. Mal-qaraya qulluq zamanı, yemlədikdən sonra əllər sabunla yuyulmalı və ya spirt tərkibli antiseptik vasitə ilə təmizlənməlidir. Təsərrüfatda çalışanlar fermaya girərkən və çıxarkən ayaqqabıları müvafiq dezinfeksiyaedici məhlulla təmizləməlidirlər. Böyük təsərrüfatlarda işçilər üçün paltardəyişmə otaqlarının, dolabların olması şərtdir.  Xəstəliklərə yoluxma riskini artırmamaq üçün zərurət  olmadıqca insanların sıx toplaşdığı heyvan satışı obyektlərinə getməmək tövsiyə olunur.