Nərminin qətli ilə bağlı məhkəmə prosesi iyulun 28-dək TƏXİRƏ  SALINDI
    • 28-04-2020, 12:24
    • 1 571

Nərminin qətli ilə bağlı məhkəmə prosesi iyulun 28-dək TƏXİRƏ SALINDI

Sabunçu Rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlu ilə bağlı məhkəmə prosesi iyul ayının 28-ə kimi təxirə salınıb.

Bunu News24.az-a açıqlamasında Nərminin  atası Şərif Quliyev bildirib. Onun sözlərinə görə, hazırda Baş Prokurorluqdan nümayəndələr istintaq işləri ilə bağlı Tovuz rayonuna ezam olunublar:

“Bu gün mən də icazə istəyəcəm, özüm Bakıya gəlmək istəyirəm, İlkinin qohumları soaial şəbəkədə haqqımda lazımsız çox danışırlar. Düzdür, onları məhkəməyə vermişəm. Mən bilmək istəyirəm ki, nəyə görə belə söhbətlər edirlər. Mənim balamın qatili tapılsın”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ. Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N. Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. İ. Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Tovuz Rayon Məhkəməsi İ. Süleymanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Afaq Mirayiq