Azərbaycan XİN Ermənistanın baş nazirinə CAVAB VERDİ
    • 6-05-2020, 19:06
    • 1 307

Azərbaycan XİN Ermənistanın baş nazirinə CAVAB VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.

News24.az-ın məlumatına görə, o, Ermənistanın baş nazirinin bu bəyanatı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib. 

"Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir", - L.Abdullayeva deyib.