Ruhi Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın TƏŞƏBBÜSÜNƏ QOŞULDU -VİDEO
    • 14-05-2020, 15:52
    • 1 289

Ruhi Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın TƏŞƏBBÜSÜNƏ QOŞULDU -VİDEO

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanıb. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir.  Biz də bu xeyirxah  kampaniyaya qoşulmağı özümüzə borc bildik”.

News24.az
xəbər verir ki, bu sözləri “Liatris” Holdingin rəhbəri, iş xanımı Ruhi Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək çağırışına uyğun olaraq gerçəkləşdirilən qanvermə aksiyası zamanı deyib.

R.Əliyeva bildirib ki, Mehriban Əliyevanın qana ehtiyacı olan insanlar üçün belə bir çağırış etməsi cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bu təşəbbüs irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiya xəstələrinə böyük yardım edəcək.

"Liatris Holdinq" və News24.az saytının əməkdaşlarının da qatıldığı aksiya B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında baş tutub. 

Hər kəsin böyük həvəslə qatıldığı bu aksiyanı Qan Bankının direktor müavini Qumral Ələkbərova yüksək dəyərləndirib. O bildirib ki, "Liatris Holdinq" və News24.az-ın bu təşəbbüsə qoşulması humanist addımdır: "Pandemiya səbəbilə ölkəmizdə yaradılan ciddi karantin rejimi donor saylarına ciddi təsir etdi. Bunun nəticəsində qan banklarında çatışmazlıq yarandı. Bundan sonra ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət etdi. Həmin müraciətdən sonra qanvermə aksiyaları başladı, müraciət edənlərin sayı xeyli çoxaldı. Mərkəzi Qan Bankına aprel ayından bu günədək 5133 nəfər donorluq üçün müraciət edib. Bölmələrimiz də daxil olmaqla ümumi müraciət edən donorların sayı 8262 nəfərdir. Amma bildiyiniz kimi, qan daimi ehtiyacdır, onun müəyyən istifadə müddəti vardır. Bu səbəbdən də biz hər zaman könüllü donorlara ehtiyac duyuruq. Buna görə də Mehriban xanım Əliyevaya və onun çağırışına dəstək verən könüllü donorlarımıza nəcib təşəbbüslərinə görə minnətdarıq”.  
 


Afaq Mirayiq


FOTO- VİDEO: Fərid Şabanov
 Nurlan GM